AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentdən beynəlxalq təşkilatlara mesaj: “Azərbaycan tarixi ədaləti təkbaşına bərpa etdi!”

  • + A
  • - A
  • 25-08-2021, 11:49


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib.

    Dövlət başçısı görüş zamanı beynəlxalq təşkilatların fəaliyyətləri barədə bir sıra önəmli fikirlər səsləndirib.

    Çıxışında 44 günlük müharibə mövzusuna toxunan Prezident İlham Əliyev müharibənin baş verməsində işğalçı dövlət qədər, onun qarşısını almaq üçün heç bir iş görməyən beynəlxalq birliyin də günahkar olduğunu qeyd edib.

    BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi ilə dörd qətnaməsi mövcuddur. Lakin bu qətnamələr uzun illər sadəcə kağız üzərində qalıb, onların icrası üçün heç bir addım atılmayıb. Təcavüzkar dövlət olan Ermənistana qarşı heç bir təzyiq mexanizminin işə düşməməsi, əksinə beynəlxalq birlik tərəfindən tətbiq olunan ikili standartlar rəsmi İrəvanı daha da azğınlaşdırıb.

    Hər zaman münaqişənin sülh yolu ilə həllini dəstəkləyən Azərbaycana qarşı təcavüzkarın beynəlxalq birlik tərəfindən bir növ “himayə” edilməsi Qarabağda vəziyyətin daim kəskin olaraq qalmasına zəmin yaradıb. Vəziyyət o həddə çatıb ki, cəzalandırılmadığı görən təcavüzkar Ermənistan dövləti artıq yeni ərazi iddiaları, yeni işğal təhdidləri səsləndirməyə başlayıb, hətta bir sıra hallarda bunu açıq-aşkar bəyan etməkdən belə çəkinməyib. Bu zaman belə beynəlxalq təşkilatların sərt üzü ilə qarşılaşmayan Ermənistan üçün bu sükut yeni təcavüz üçün fürsət kimi qəbul edilməyə başlanılıb.

    Ancaq növbəti dəfə Azərbaycana hücum etmək fikrinə düşən Ermənistan 44 günlük müharibədə layiqli cəzasını aldı. Ordusu darmadağın edildi, Müzəffər Azərbaycan ordusu döyüş meydanında tarix yazdı, işğala son qoyuldu.

    İşğal illərində heç bir əməli iş görməməklə, əllərindəki imkanları səfərbər etməməklə münaqişənin sülh yolu ilə həllini labüd edən beynəlxalq birlik müharibənin başlanmasında ən azı Ermənistan qədər günahkardır.

    Yaddan çıxarmayaq ki, Azərbaycan həmin o məşhur qətnamələrin icrası məsələsini demək olar ki, bütün mövcud platformalarda, özü də dəfələrlə qaldırsa da, heç bir halda zəruri reaksiya verilməyib. Münaqişənin həlli üçün mandat sahibi olan ATƏT-in Minsk Qrupu da öz yarıtmaz fəaliyyəti ilə seçilib. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünün həmsədrlik etdiyi Minsk Qrupu sözügedən ölkələrin Ermənistana birbaşa böyük təzyiq və təsir imkanları olduğu halda 28 il ərzində demək olar ki, heç bir işin öhdəsindən gələ bilməyib. Həmsədrlərin ixtiyarında bu qətnamələrin icrası üçün lazımi mandat olsa da, heç bir halda münaqişənin həlli üçün ortaya səmərəli fəaliyyət qoyulmayıb.

    Odur ki, 44 günlük müharibənin meydana gəlməsinin səbəbləri arasında işğalçı ilə yanaşı bu işğala göz yumanların da günahkar hesab edilməsi olduqca anlaşıqlıdır. Çünki məsələnin sülh yolu ilə həllinə nail olmaq naminə atılması lazım olan addımlar atılmadı, təcavüzkar dövlətə qarşı sanksiya silahına əl atılmadı.

    Bu gün dünyada öz maraqları naminə ən xırda şeylərə görə, bəzən isə anlam belə verə bilmədiyimiz səbəblərə görə sərt sanksiyalar tətbiq edən ölkələr, nədənsə Ermənistana münasibətdə “mərhəmət” nümayiş etdirdilər. İşğala məruz qalan dövlətin hüquqları gözardı edildi, işğalçının özbaşınalığına göz yumuldu.

    Ermənistana qarşı bu “mərhəmət”in nəticəsi kimi başlayan 44 günlük müharibə Azərbaycan ordusunun parlaq qələbəsi ilə başa çatdı. Azərbaycan təkbaşına, öz xalqının və ordusunun qüdrəti hesabına işğala son qoydu. Dünyanın aparıcı dövlətlərinin icra etdirə bilmədiyi qətnamələri məhz Azərbaycan özü yerinə yetirdi, Ermənistana heç zaman unudulmayacaq bir ədalət dərsi verildi.

    Azərbaycan dövləti hətta müharibə zamanı belə bütün beynəlxalq norma və prinsiplərə əməl etdi, özünün beynəlxalq qanunlar əsasında təsdiq edilmiş hüquqlarından istifadə edərək dörd qətnaməni öz ordusunun döyüş meydanında göstərdiyi böyük qəhrəmanlıq və şücaətlə icra etməyə müvəffəq oldu.

    Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında ayrıca xətt təşkil edən məsələlərdən biri də UNESCO oldu. İşğal illərində bu təşkilata dövlətimiz tərəfindən dəfələrlə edilmiş dəvətlər cavabsız qalıb. UNESCO nədənsə işğal altındakı tarixi abidələrimizin vəziyyətini öyrənməyə cəhd belə etməyib. Beynəlxalq qurumun bu səssizliyi bəlkə də, yüzlərlə abidəmizin yerlə-yeksan edilməsinə şərait yaradıb. UNESCO-nun tətbiq etdiyi ikili standartlar ermənilər üçün Qarabağdan Azərbaycan izlərinin silinməsi prosesini sürətlə davam etdirməyə yaşıl işıq yandırıb. Çünki UNESCO-nun tarixi abidələrin vəziyyətini araşdırmağa yaxın durmaması, ermənilərin öz vəhşiliklərini daha rahat, heç bir maneəsiz törətməsinə də zəmin yaradıb.

    Ancaq UNESCO işğaldan sonra nədənsə birdən-birə fikrini dəyişib və ərazilərimizə səfər etmək niyyətini ifadə edib. Əlbəttə bu addım üçün UNESCO çox gecikib, ancaq Azərbaycan dövləti üçün əsas məsələ həqiqətlərin, Ermənistanın işğal siyasətinin dəhşətli miqyasının ortaya çıxmasıdır. Buna görə də, hətta UNESCO-nun bəlkə də, 30 il gecikən səfəri üçün də razılıq verilir. Hər halda 30 il sonra da olsa, tarixi abidələrimizə vurulmuş və bərpası çox çətin olan bu ziyanın beynəlxalq birliyə təqdimatı gərəkli və önəmlidir.

    Bu gün Azərbaycan dövləti üçün prioritet təşkil edən məsələ Qarabağın bərpasıdır. Azərbaycan dövləti öz liderinin əzmkarlığı və ortaya qoyduğu iradə, xalqın onun ətrafında yumruq kimi birləşməsi və ordusunun qüdrəti sayəsində işğala son qoyub, Qarabağ münaqişəsi tarixə qovuşub, həll olunub. Artıq əsas məqsəd işğal dövründə viran qoyulmuş ərazilərimizin bərpasıdır. Bu işdə isə Azərbaycan dövləti təbii ki, beynəlxalq təşkilatlar, xüsusilə də BMT ilə əməkdaşlığa ümid edir. Hər nə qədər münaqişənin həlli üçün addımlar atılmasında gecikilsə də, BMT Qarabağın dirçəlməsi, sürətlə yenidən qurulması məsələsində Azərbaycana böyük kömək edə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR