Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə vaksinasiyasının aparılması yeni tədris ilindən dərslərin ənənəvi qaydada keçiriləcəyinə ümidləri artırır. Digər tərəfdən "Delta" ştammının sürətli yoluxuculuq qabiliyyəti olduğu bildirilir. Bəs görəsən, təhsil müəssisələrinin əyani tədrisə başlaması uşaqlar arasında virusun yayılmasına necə təsir edəcək?
Sputnik Azərbaycan təhsil müəssisələrində "Delta" ştammının yayılma riskini araşdırıb. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan Allahverdi Musayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Delta" ştammına uşaqlar arasında yoluxma qeydə alınmır. Onun sözlərinə görə, hələ ki, "Delta" ştammına yoluxmada uşaqlar arasında təhlükə yoxdur. A.Musayev deyir ki, hazırda uşaqlar arasında temperaturla müşahidə olunan xəstəlik olsa da, müayinələr zamanı onun "Delta" ştammı olmadığı məlum olur.
A.Musayevin sözlərinə görə, pandemiya qaydalarına əməl edərək təhsil müəssisələrinin fəaliyyətinin bərpa edilməsi mümkündür:
"Burada əsas diqqət yetirilməli məqam uşaqların dərs keçdiyi otaqların havalandırılması, partaların, əllə toxunulan yerlərin dezinfeksiya edilməsidir. Bunlarla bərabər, uşaqlara ciddi nəzarət edilməlidir. Qəti şəkildə halsızlığı, qusması, temperaturu olan uşaqlar məktəbə buraxılmamalıdırlar. Onlar təcrid edilərək nəzarətə alınmalı, dərhal analiz götürülməlidir".
A.Musayevin sözlərinə görə, şagirdlər məktəbdə bol miqdarda ilıq maye qəbul etməlidirlər. Bundan başqa, uşaqlara bol kalorili yeməklər verilməlidir: "Uşaqlara ət yeməkləri, yumurta, protein, zülal tərkibli yeməklər verilməlidir. Bu qidalanma məktəbdə mümkün deyilsə, ailələr evdən dəstəkləməlidirlər. Onlar C vitamini tərkibli meyvələrlə qidalanmalıdırlar".
İnstitut direktoru bildirir ki, bununla belə, valideynlər arasında vaksinasiya da aparılmalıdır ki, uşaqlar arasında yoluxma olmasın.
Qeyd edək ki, təhsil nazirinin müşaviri Rüstəm Ağayev ötən gün açıqlamasında bildirib ki, ənənəvi təhsilə qayıtmaq üçün təhsil işçiləri nazirliyə dəstək olmalıdırlar, bunun da yolu vaksinasiyadır. Amma bəzi ekspertlər təkcə müəllimlərin peyvəndlənməsinin təhsil müəssisələrində yoluxma riskini azaltmayacağı qənaətindədirlər. Buna görə valideynlərin də peyvənd olunmasını təklif edənlər az deyil.
Hətta Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva bu məsələyə toxunaraq valideynləri könüllü vaksinasiyaya səsləyib: "Düşünürəm ki, valideynlər qarşısında bununla bağlı hər hansı tələbə və tapşırığa zərurət olmayacaq. Amma unutmayaq ki, məktəb təkcə müəllim və şagirddən ibarət deyil. Valideyn də bu sistemin bir parçasıdır və hətta deyərdim ki, çox əhəmiyyətli bir parçasıdır. Onların övladlarının sağlamlığını, təhsilini düşünərək peyvənd olunmuş müəllim qədər valideyn də məsuliyyət daşıyır. Ona görə də əziz valideynlərimizi də ümumi təşəbbüsə qoşularaq ənənəvi tədrisin bərpasına layiqli töhfə verməyə çağırıram".
Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, respublika üzrə təhsil işçilərinin 220 min nəfərindən 140 minə yaxınına koronavirus əleyhinə peyvəndin hər iki dozası vurulub. 34 mindən çoxu isə əks göstərişlə bağlı arayış təqdim edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, paytaxtda təhsil işçilərinin 26486 nəfəri vaksinasiya prosesinə qoşulub. Paytaxt üzrə 37 məktəbdə təhsil işçilərinin 90 faizindən çoxu vaksinasiyadan keçib.