Politoloq Ülkər Piriyeva - Türk ordusunun Mustafa Kamal Atatürkün komandanlığı altında Yunan işğalına son qoyduğu 30 Avqust tarixi 1924 -cü ildən bu yana Zəfər Günü olaraq qeyd olunur.Qazi Mustafa Kamal Atatürkün 1919 -cu ildə Samsunda müqəddəs türk milləti ilə başladığı müstəqillik mübarizəsini eyni qürur və həyəcanla 30 avqustda Ali Baş Komandanın zəfərinin 99-cu ildönümünün qələbəsi olaraq ürəkdən qutlayırıq.
Bu qələbə gününü böyük edən, dünya savaşından böyük itkilərlə çıxan Türk millətinin ordusunun üstün komandanlıq qabiliyyəti, qəhrəmanlığı və cəsarətidir.
Məhz, o günü, Türk milləti insan kimi yaşamağın yalnız müstəqil və suveren bir dövlət quraraq həyata keçə biləcəyinin ən gözəl nümunəsini sərgiləmiş və bu müqəddəs yolda hər zaman hər cür fədakarlığa dözməyə hazır olduğunu bir daha bütün dünyaya göstərmişdir.
Bu bayram ilk dəfə 1924-cü ildə Dumlupınar Çal kəndi yaxınlığında, Mustafa Kamal Atatürkün iştirakı ilə
"Ali Baş Komandanın Zəfəri" adı altında qeyd edilmişdir.
Qardaş Türkiyədə Zəfər Günü olaraq qeyd edilən bu bayram dünyanın ən böyük və qəti qələbələrindən biri olaraq tarixə düşmüşdür. Böyük hücumun qəti qələbə ilə başa çatdığı bu tarix milli suverenliyin və müstəqilliyin nişanəsidir. Qədim bir türk savaş ənənəsi olan Turan taktikasının tətbiq edildiyi bu bənzərsiz zəfər Atatürkün "İlk hədəfiniz Aralıq dənizidir, irəli!", deyə əmr verdiyi müharibə kimi tarixə düşüb.
Bəs 30 avqust tarixində tam olaraq nə baş verib..
Yunan ordusunun Anadoludakı irəliləyişinin Dumlupınar yaxınlığında dayandırıldığı tarix məhz, 30 Avqust 1922 -ci ildir. Ali Baş Komandan Döyüşü və ya Dumlupınar Savaşı olaraq adlandırılan döyüşdə, Baş Komandan Mustafa Kamal Paşanın başçılığı altında olan Türk ordusu düşməni məğlub edərək işğalın qarşısını almışdır. Bu zəfərdən sonra Türk ordusu 9 sentyabrda İzmirə daxil olub və Yunan ordusunun Anadolunu tamamilə tərk etməsinə nail olmuşdur.
Çanaqqalanı keçilməz hala gətirən, Qurtuluş Savaşını zəfərə çatdıran, eyni ruh və anlayış ətrafında birləşən Türk milləti, canı bahasına da olsa, müstəqilliyinə edilən hər cür hücumları ortadan qaldırmağı bacardı.
Bu hisslər və düşüncələrlə, Zəfərinin 99-cu ildönümündə, müstəqillik mübarizəsinin bütün qəhrəmanlarına, başda Qazi Mustafa Kamal Atatürkə, şəhidlərimizə və qardaş Türkiyəmizin bölünməz birliyi uğrunda canlarını qurban vermiş qəhrəman qazilərimizə rəhmət diləyir və onları minnətdarlıq hissi ilə yad edirik.
Politoloq Ülkər Piriyeva