Vəkil Elçin Sadıqov Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib.
Müraciət hazırda həbsdə olan və iş adamı Elçin Əliyevi öldürməkdə ittiham edilən general-leytenant Rövşən Əkbərovun məhkəmə prosesi ilə bağlıdır. Mərhum E.Əliyevin ailəsinin vəkili olan Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov qeyd edib ki, az ağır cinayətdə təqsirləndirilən şəxsi belə məhkəmə iclaslarında xüsusi yerlərdə saxlayırlar: “Lakin Rövşən Əkbərov xüsusilə ağır cinayətdə təqsirləndirilməsinə baxmayaraq, o, açıq məhkəmə iclasında qolunda qandal və ya ani hərəkətin qarşısını alacaq heç bir alət olmadan otuzdurulur.
İstədiyi vaxt ayağa qalxır və hərəkət edir. Şahidlərə və proses iştirakçılarına müdaxilə edir, təhqiramiz ifadələr işlədir. Hətta özünü hərbi hissədəki kimi tərbiyəsiz apararaq qarşı tərəfə “sən bağla” kimi sözlər deyir. Şahidləri təhqir edir ki, onun əleyhinə ifadə verməsin və onu ifşa etməsin.
Bütün bunlara şəraiti məhkəmə iclasına sədrlik edən, proses boyu mənimlə söz güləşdirməyə çalışan hakim Həbib Həsənov edir və buna şərait yaradır.
Rövşən Əkbərov xüsusi təyinatlıdır. Təbiətcə tezalışandır və istənilən vaxt o, digər proses iştirakçılarının həyatı və sağlamlığı üçün real təhlükədir”.
E.Sadıqov qeyd edib ki, məhkəmə iclaslarında karantin rejimi qaydaları gözlənilmir: “Rövşən Əkbərovun bütün qohum əqrabası, dost-tanışı məhkəmə iclas zalına buraxılırlar. Xahiş edirəm ki, hakim Həbib Həsənovun Rövşən Əkbərova qarşı xüsusi imtiyaz yaratmasının, Rövşən Əkbərovun bizim və digərlərinin həyatına təhlükə yaratmasının qarşısının alınması üçün öz tövsiyyələrinizi verəsiniz”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.