AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi

  • + A
  • - A
  • 3-09-2021, 16:52


    Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik ünvanlayıb.

    Təbrikin mətnini təqdim edirik:

    Hörmətli həmvətənlər!

    Yəhudi xalqının yeni il bayramı – Roş ha-Şana münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

    Mədəniyyətlərarası və dinlərarası harmoniyanın hökm sürdüyü Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin nümayəndələri əsrlərdən bəri sülh və əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində yaşayırlar. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunması, milli azlıqların dil və mədəniyyətinin inkişafı dövlətin daimi himayəsi altındadır. Bu siyasət milli-tarixi ənənəyə və beynəlxalq hüquqi prinsiplərə sadiq Azərbaycan üçün prioritet istiqamətlərdəndir.

    Dünyada nümunəvi tolerantlıq məkanı kimi tanınan Azərbaycanda yəhudi icmasının özünəməxsus yeri vardır. Yüz illərdir ölkəmizdə məskunlaşan yəhudilər burada heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmamış, öz dilini, mədəniyyətini, dini inanc və adət-ənənələrini günümüzədək qoruyub saxlamışlar.

    Məmnunluq hissi ilə qeyd edirəm ki, Qarabağın işğaldan azad olunmasında yəhudi əsilli vətəndaşlarımız respublikamızda yaşayan bütün xalqların nümayəndələri ilə birgə əsl qəhrəmanlıq nümunələri nümayiş etdirmişlər. Yəhudi icması bu gün də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində uğurla fəaliyyət göstərir.

    Yeniliyin, mənəvi saflığın, həmrəylik və xeyirxahlığın rəmzi olan Roş ha-Şana ilə əlaqədar bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR