Niderlandda 9-cu “Səfirliklər Festivalı”nın 2-ci günündə Haaqanın mərkəzi meydanında Azərbaycan səfirliyi də daxil olmaqla 20-dək səfirliyin stendi qurulub. Stendlər vasitəsilə səfirliklər mədəniyyətlərini, milli mətbəxlərini və rəqslərini nümayiş etdiriblər. Min nəfərədək niderlandlı müxtəlif ölkələrin mədəniyyətini, milli mətbəxini, musiqisini və rəqsini yaxından tanımaq məqsədilə COVID-19 epidemiyasının şərtlərinə uyğun olaraq, stendləri ziyarət etmək üçün əvvəlcədən qeydiyyatdan keçibdir.
AZƏRTAC xəbər verir ki, artıq 9 ildir keçirilən “Səfirliklər Festivalı”ında Azərbaycan səfirliyi iştirakı ilə diqqəti cəlb edib. Həmişə olduğu kimi, bu il də stendimiz festival iştirakçılarının və ziyarətçilərinin diqqət mərkəzində olub. Stendimizdə milli geyimlərimiz, mətbəximizin təamları və Azərbaycan şərabları nümayiş olunub. Azərbaycan mətbəxinin ləziz təamları ziyarətçilər tərəfindən maraqla qarşılanıb və sevilib. Xüsusilə də, tədbirə qatılan ölkələrin səfirləri stendimizi ziyarət ediblər.
Festivalda iştirak edən Haaqa şəhərinin meri Jan van Zanen Azərbaycan stendinə yaxınlaşaraq, ölkəmizin Niderland Krallığındakı səfiri Fikrət Axundovla görüşüb. Haaqanın meri səfirliyimizlə bağlı xoş fikirlərini ifadə edib. Səfirliyimizin 9 ildir ənənəyə çevrilmiş “Sefirliklər Festivalı”nda həmişə yüksək səviyyədə təmsil olunduğunu vurğulayıb.
Köln şəhərində fəaliyyət göstərən “Nart Dans Köln” rəqs qrupu milli rəqslərimizi təqdim edib. Azərbaycan rəqsi ziyarətçilər tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Stendimizin ziyarətçiləri arasında ölkəmizi tanıyanlar, eləcə də səfər edənlər ölkəmizlə bağlı xoş xatirələrini bölüşüblər. Xalqımızın qonaqpərvərliyi, mehribanlığı xüsusi qeyd edilib.
Səfir Fikrət Axundov, eləcə də səfirliyin əməkdaşları stendimizin qarşısında ziyarətçiləri mehribanlıqla qarşılayır, onlara ölkəmiz, mədəniyyətimiz, eləcə də Azərbaycanın turizm imkanları haqqında ətraflı məlumat veriblər.
Gün ərzində mindən çox ziyarətçi mədəniyyətimizlə yaxından tanış olub. Niderlandın yerli jurnal və qəzetlərində ölkəmiz, onun turizm imkanlarına, eləcə də mədəniyyətimiz və milli mətbəximizə dair müxtəlif məqalələr yer alıb.
Qeyd edək ki, ötən ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadət XXI əsrin döyüş nümunəsi kimi bütün dünyaya səs salıb və ölkəmizə qarşı böyük maraq doğurub. Haaqada “Səfirliklər Festivalı”nın ziyarətçiləri arasında ölkəmizə qarşı böyük maraq aydın görünürdü və onlar Azərbaycana səfər etməyi arzuladıqlarını bildirirdilər.