Xızı rayonunun Giləzi qəsəbəsinin sakini, ibtidai sinif müəlliməsi Aygün Rəsulova Cebhe.info vasitəsilə Təhsil naziri Emin Əmrullayevə açıq müraciət ünvanlayıb.
O, 10 ildir ki, Xızı rayonu Giləzi qəsəbəsinin Mikayıl Müşfiq adına orta məktəbinə yerdəyişməyə nail oladığı üçün normal qaydada müəlimlik fəaliyyətini davam etdirə bilmədiyini deyir.
Aygün Rəsulova Emin Əmrullayevə müraciət edərək onun 10 ildir həllini tapmayan problemimin yoluna qoyulmasına yardım etməsini xahiş edir:
“Mən 2001-2016-cı illər ərzində Siyəzən rayonunun Böyük Həmyə kənd orta məktəbində çalışmışam. 2011-ci ildə ailə qurub, Xızı rayonunun Giləzi qəsəbəsinə köçsəm də, qəsəbədəki orta məktəbə yerdəyişməmi reallaşdıra bilmirəm. 2016-cı ildə Böyük Həmyə kəndindən Xızının Ağdərə kənd ümumi orta məktəbinə yerdəyişməm təmin olunub. Bu kəndi seçərkən düşündüm ki, rayondaxili köçürmə daha asan olar və tezliklə Giləzi qəsəbəsinə yerdəyişmə mümkün olar. Amma belə olmadı. Adətən yerdəyişmə zamanı Giləzi məktəbində vakansiya açılmır, amma elə həmin il də müəllimlərin işə qəbulu zamanı məktəbdə vakansiya “peyda olur””.
Aygün Rəsulova maddi durumunun ağır olduğunu bildirir:
“Dolanışığım ağırdır, səhhətimdə problemlər var. Həyat yoldaşımın əməkhaqqı aşağıdır və ailəni təmin etməyə yetmir. İki uşaqla öz qəsəbəmizdən 70 kilometr uzaqda yerləşən Ağdərə məktəbində işləməyim mümkünsüzdür. Qeyd edim ki, bir neçə il əvvəl qayınanam Minurə Rəsulova işimi davam etdirməm üçün ev-eşiyini, təsərrüfatını atıb, mənimlə birlikdə Ağdərəyə getdiyi üçün çətin də olsa orada işimi davam etdirə bilirdim. İndi isə şəkər xəstəsi və bu il gözündən əməliyyat olunan qayınanamın mənimlə birlikdə Ağdərəyə getməyi mümkünsüzdür.Digər tərəfdən isə oğlum Vəlican bu il orta məktəbə gedəcək. Ailə vəziyyətim ucqar Ağdərə məktəbində çalışmağıma imkan vermir”.
Aygün Rəsulova bir neçə dəfə Təhsil Nazirliyinə yazılı müraciət etdiyini qeyd edir:
“Cənab nazir, təhsil işçilərinin şikayətlərinə laqeyd olmamağınızı, nəzərə alaraq, şəxsən Sizə müraciət edirəm. Ümid edirəm ki, durumum nəzərə alınacaq, təhsil sistemimdə fəaliyyətimi davam etdirməyimə yardımçı olacaqsınız”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.