AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Peyvənd bizi yoluxmadan qorumur" - TƏBİB rəsmisi

  • + A
  • - A
  • 13-09-2021, 17:22


    "Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayları bir müddət artan xətt üzrə getdi, sonra eniş başladı. Hazırda yoluxma hallarında stabillik müşahidə olunur".

    Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

    O qeyd edib ki, xəstəlikdən sağalanların sayı yoluxanların sayını ötür: "Bu da müsbət haldır. Çünki rəqəmlər yüksəldiyi və uzun müddət proses belə davam etdiyi zaman aktiv xəstə sayı da çox olur. Bu zaman onlar arasında ağırlaşanlar və hospitalizasiyaya ehtiyacı yarananların da faizi artır. Nəticədə xəstəxanalar və həkimlər yüklənirlər. Hazırkı stabilləşmə və azalma müsbət halın göstəricisidir".

    Həkim-infeksionistin sözlərinə görə, bir xəstəliyin profilaktikası daha asandır, nəinki ona yoluxduqdan sonra müalicəsi: "Odur ki, xəstələnməməyə çalışmalıyıq. Peyvəndlər hər xəstəliyin profilaktikasında tətbiq olunmur. Əsasən infeksion xəstəliklərin profilaktikasında vaksinlərdən istifadə oluna bilir. Əsrlərdir həmin təcrübə davam edir və kifayət qədər müsbət nəticələr əldə olunub. Hətta bəzi xəstəliklərin kökü kəsilib.

    Koronavirus infeksiyası ilə mübarizədə şanslı tərəfimiz ondan ibarətdir ki, qısa müddət ərzində kifayət qədər effektiv və təhlükəsizliyi sübuta yetirilmiş peyvəndlər hazırlanıb. Ölkə olaraq daha bir avantajımız bir neçə vaksin növündən istifadə edəbilmə imkanına malik olmaqdır. Doqquz aya yaxındır ki, ölkədə koronavirus əleyhinə kütləvi vaksinasiyaya başlanılıb. Burada ilkin məqsəd immunitet qazanaraq xəstəlikdən qorunmaqdır. Yoluxma sayının yüksəkliyi vətəndaşları çaşdıra bilir. Bildirmək istərdim ki, peyvənd olunan şəxslər də yoluxa bilərlər. Peyvənd bizi yoluxmadan qorumur. Vaksinin hər iki dozasını qəbul etdikdən sonra yoluxmaqdan qorxmaq lazım deyil. Çünki immunitet yaranır, xəstəliyi ağır keçirməkdən, xəstəxanaya, reanimasiyaya düşməkdən və ən başlıcası ölümdən qorunmuş oluruq. Digər bir məqam odur ki, kütləvi peyvəndləmə yoluxma zəncirinə də təsir göstərir. Bir çox ölkələr peyvənd yaşını minimuma qədər endirməyə çalışırlar. Bunun da başlıca səbəbi ümumi olaraq cəmiyyətdə yoluxma zəncirini qırmaqdır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR