AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva - “Taliban hökümət rəhbərlərinin Əl-Qaidə, Hakkani kimi terror qrupları ilə birbaşa əlaqələrinin olması hökumətin legitimliyinə inam yaratmır”

  • + A
  • - A
  • 15-09-2021, 02:19

    Politoloq Ülkər Piriyeva - “Taliban hökümət rəhbərlərinin Əl-Qaidə, Hakkani kimi terror qrupları ilə birbaşa əlaqələrinin olması hökumətin legitimliyinə inam yaratmır”
    Politoloq Ülkər Piriyeva - “Taliban hökümət rəhbərlərinin Əl-Qaidə, Hakkani kimi terror qrupları ilə birbaşa əlaqələrinin olması hökumətin legitimliyinə inam yaratmır”

    Taliban rəsmisi yeni Əfqanıstan hökumətinin ilk üzvlərinin çərşənbə axşamı gecəsi elan ediləcəyini bildirəndə, bütün dünyanın gözü bir daha bu ölkəyə çevrildi. Əfqanıstanda 20 il sonra yenidən hakimiyyətə gələn Taliban tərəfindən elan edilən müvəqqəti hökumət ABŞ rəhbərliyini narahat edir. Vaşinqtonu narahat edən əsas məsələlər, əhatəli olmaq vədinə baxmayaraq qadınların və etnik azlıqların hökumətdə təmsil olunmaması və Amerika əsgərlərinə qarşı hücumlarda birbaşa adı keçən və hətta qətliamlarda iştirak edən insanların kabinetdə iştirak etməsidir. Əfqanıstanın Baş naziri Molla Məhəmməd Həsən Axund Birləşmiş Millətlər Təşkilatının qara siyahısına düşüb. Daxili işlər naziri Siracəddin Haqqani Amerika Federal Təhqiqatlar Bürosunun (FTB) axtarılan siyahısındadır.

    Bundan əlavə, Pəncşir Vadisindəki müqavimət hərəkatı olan Əfqanıstan Milli Müqavimət Cəbhəsi, beynəlxalq ictimaiyyəti Əfqanıstanın yeni hökuməti ilə diplomatik əlaqələr qurmamağa çağırdı.

    Bütün bunlara cavab olaraq Politoloq Ülkər Piriyeva Azadmedia.az-a açıqlama gətirib.

    İllər sonra, 6 avqustda, Taliban, Əfqanıstanda bir əyalət mərkəzini ələ keçirərək ölkə daxilində irəliləyişlər etdi. Yalnız 9 gün sonra, 15 avqustda, Taliban paytaxt Kabilə girdi və prezident Əşrəf Qani ölkəni tərk etdikdən sonra nəzarəti ələ aldı. Nəhayət, Taliban əleyhinə müqavimətin davam etdiyi Pəncşir bölgəsinin ələ keçirilməsi ilə Taliban bütün Əfqanıstanda öz hökmranlığını təmin etmiş oldu.
    Bəli, gözlənilən bəyanat, Əfqanıstanın paytaxtı Kabulu ildırım sürəti ilə ələ keçirən Talibandan gəldi.

    Taliban yeni hökumətin qurulması ilə bağlı açıqlama verərkən təyin olunan adları bir-bir sadaladı. Ancaq Taliban və Pakistana qarşı nümayişlər Əfqanıstanda zorakılığa şahidlik edərkən, qadın nümayişçilərin şəkillərini çəkən silahlılar bütün dünyada soyuq duş effekti yaratmış oldu.

    Təbii ki, ölkəni İslam Əmirliyi olaraq idarə edəcəklərini açıqlayan Taliban hökumətində yer alacaq adlar maraqla gözlənilirdi. Nəzərə çatdırmalıyam ki, 7 sentyabrda Taliban sözçüsü tərəfindən açıqlanan kabinetdə diqqət çəkən adlar var idi.

    Kabinetin ən görkəmli adları sırasında kimlər var idi..?
    Həsən Axund, Taliban tərəfindən Əmirül-Möminin ünvanı verilən Hibetullah Axundzadənin başçılıq etdiyi hökumətin Baş naziri təyin edildi. Axund Rəhbərlik Şurasının, başqa sözlə, təşkilatın qərar verən orqanı olan rəhbərlik şurasının sədri idi. Əlavə olaraq, Axund 1996-2001-ci illər arasında Taliban hakimiyyəti dövründə xarici işlər naziri, sonra baş nazirin müavini vəzifələrində çalışmışdır. Axundun ən əhəmiyyətli xüsusiyyəti, təşkilatın qurucu lideri Molla Ömərlə yaxın olmasıdır. BMT-nin sanksiya siyahısında olan Axund da bir Peştundur. Siyasi təhlili nəzərə alaraq, Axund dini xüsusiyyətlərdən çox siyasi xüsusiyyətlərə malik bir lider olaraq ön plana çıxır.

    Nazirlər Kabinetində Həsən Axundun müavini təyin olunan Molla Əbdülqani Baradar da önəmli bir addır. Sovetlərin Əfqanıstanı işğalı zamanı qurucu lider Molla Ömərlə çiyin-çiyinə döyüşən Baradar, Molla Ömərin yanında təşkilatın başqa bir qurucusudur, eyni zamanda, Molla Ömərin ən yaxın dostudur. Birləşmiş Millətlər Təşkilatının sanksiyalarına görə, əvvəlki Taliban hökumətində müdafiə nazirinin müavini olan Baradar, bir çox terror hücumunun arxasında hərbi komandir olaraq qeydə alınıb.
    2010-cu ildə Pakistan gizli xidməti ISI * Inter-Services Intelligence – Xidmətlərarası Kəşfiyyat idarəsi və CIA*Central Intelligence Agency – Mərkəzi Kəşfiyyat idarəsinin birgə əməliyyatı nəticəsində yaxalanaraq həbsxanaya göndərilmişdi. 2018-ci ildə yenidən ABŞ-ın tələbi ilə sərbəst buraxılan Baradar, daha sonra təşkilatın Dohadakı siyasi ofisinin rəhbəri oldu və Taliban adından ABŞ-la sülh danışıqlarına rəhbərlik edirdi. Yeni hökumətə rəhbərlik edəcəyi gözlənilən Baradarın baş nazirin müavini olaraq təyin edilməsi gözlənilməz bir hadisə kimi qiymətləndirildi.

    Peştun mənşəli kabinetin digər üzvü Məvləvi Əmirxan Muttaki, əvvəlki hökumət dövründə də Mədəniyyət və Təhsil Naziri olaraq çalışırdı. ABŞ ilə sülh danışıqlarında Taliban nümayəndə heyətinin üzvü idi. Dini və ya hərbi cəhətləri üstünlük təşkil etməyən Muttaki, təşkilatın ən mülayim yüksək səviyyəli icraçısı olaraq görülür.

    Təşkilatın qurucusu Molla Ömərin oğlu Molla Məhəmməd Yaqub, müdafiə naziri olaraq kabinetdə özünə yer aldı. 2015 -ci ildə atasının yerinə keçmək istəsə də, məclis Molla Axtar Mənsurun təyin etməsi ilə o, məclisi tərk etmişdi.
    30 yaşlarında olan və sahə təcrübəsi olmayan Molla Yaqub, keçən il təşkilatın bütün hücumlarına nəzarət edən hərbi şuranın rəhbəri təyin edilmişdi. Baradar və Siracəddin Haqqani ilə birlikdə liderin üç nəfərlik köməkçi komandasını formalaşdırmışdı. Təşkilat və kabinetdə iştirakı atası ilə əlaqəli olan Molla Yaqubun təyin olunmasının səthi olduğu bildirilir.

    Talibandakı ən diqqət çəkən vəzifələrdən biri də Siracəddin Hakkaninin daxili işlər naziri təyin edilməsi idi. Sovetlərə qarşı müqavimətin aparıcı simalarından olan Cəlaləddin Haqqaninin ölümündən sonra atasının yerinə keçən Siracəddin Haqqani, həm Taliban liderinin köməkçisi olaraq xidmət edir, həm də öz təşkilatını Haqqani qrupunu idarə edir. Qrup 1980-ci illərdə Sovetlərə qarşı müqavimət göstərərkən ABŞ tərəfindən dəstəklənsə də, ABŞ terror təşkilatları siyahısındadır. Haqqani qrupu Talibanla əməkdaşlıq etsə də, təşkilat daxilində yarı muxtar mövqeyə malikdir. Xüsusilə, Kabilə qarşı çoxlu mülki şəxsin öldüyü intihar hücumlarını həyata keçirən Haqqani qrupunun lideri olan Siracəddin Haqqaninin daxili işlər naziri olaraq təyin edilməsi haqlı olaraq müəyyən narahatlıq və müzakirələrə səbəb oldu.
    Haqqani intihar hücumlarının arxasında olduğu və Əl-Qaidə ilə əlaqəsi olduğu üçün FTB-nin ən çox axtarılan siyahısındadır.
    Belə ki, ABŞ Dövlət Departamenti Haqqaninin tutulması prosesində əməkdaşlıq edənlərə 10 milyon dollarlıq mükafat qoymuşdu.

    Kabinetdəki son diqqət çəkən ad, İnformasiya Nazirinin müavini təyin edilən Zəbinullah Mücahid idi. 10 ildən çoxdur ki, təşkilatın sözçüsü olan Mücahid, Twitter hesabında hücumlarla bağlı məlumatları mütəmadi olaraq paylaşırdı. Talibanın hücumları iddia etməsi və ya inkar etməsi də Mücahid tərəfindən verilən açıqlama vasitəsi ilə bilinirdi.

    Dünya ölkələrindən ilk gələn reaksiyalar..
    Taliban Əfqanıstanda hökuməti elan etdikdən sonra ilk reaksiyalar dünya ölkələrindən gəlməyə başladı:
    ABŞ-ın elan edilən kabinetlə əlaqədar verdiyi açıqlamada, ABŞ cəbhəsinin hökumət rəsmilərinin əlaqələri və qeydləri səbəbindən narahat olduğu ifadə edildi. Dövlət Departamentinin sözçüsü, kabinetin Taliban rəsmilərindən ibarət olduğunu və qadınların daxil olmadığını qeyd etdiklərini söylədi. Ancaq sözçü bunun müvəqqəti bir hökumət olduğunu və talibləri dediklərinə görə deyil, nə edəcəklərinə görə qiymətləndirəcəklərini söylədi.

    Yüksək Qətər rəsmisi mətbuata bildirdi ki, Taliban hökuməti hazırda Əfqanıstanın idarəediciləridir. O həmçinin əlavə etdi ki, Taliban praqmatizm nümayiş etdirdi və hərəkətlərinə görə mühakimə olunmalıdır.

    Birləşmiş Millətlər Təşkilatının sözçüsü Farhan Haq, qlobal qurumların hökumətləri tanımaq aktlarında iştirak etmədiyini söyləyərək, elan edilən kabinetlə əlaqədar olaraq, Əfqanıstanda sülhün yalnız danışıqlar yolu ilə həll edilə biləcəyini söylədi.

    Talibanın 20 il sonra Əfqanıstanı idarə etmək üçün qurduğu hökumət üzvlərinə baxdığımızda, əvvəlcə ABŞ ilə Taliban arasında bəzi problemlərin ola biləcəyini təxmin edə bilərik.

    Beləliklə, Taliban idarəçiliyində olan və keçmişdə terror hücumlarında kabinetdə yer alan adların rolu nəzərə alındıqda, müvəqqəti hökumətin dünya ictimai rəyi tərəfindən qəbul edilməsində çətinlik çəkə biləcəyi görünür. Bundan əlavə, bəzi kabinet üzvlərinin Əl-Qaidə və Hakkani kimi terror qrupları ilə birbaşa əlaqələrinin olması hökumətin legitimliyinə inam yaratmır. Bir çox terrorçu fəaliyyətə və dinc əhaliyə qarşı intihar hücumlarına rəhbərlik edən insanların hökumətə cəlb edilməsi, Taliban rejiminin xalq tərəfindən qəbul edilməsi baxımından Əfqanıstanda həm sabitlik, həm də insan haqlarının pozulması ilə bağlı narahatlıq yarada bilər.

    Həm də kabinetdəki Peştun ağırlığının Əfqanıstan xalqı tərəfindən nə dərəcədə qəbul görəcəyi sual altındadır. Nə qədər hərbi gücə sahib olsa da, xalq tərəfindən qəbul edilməyən bir orqanın ölkədə daimi qalma ehtimalı azdır.
    Bu səbəbdən deyə bilərik ki, Əfqanıstan indiki vəziyyətdə partlamağa hazır bir bomba kimidir.

    Qərb dövlətlərinin, xüsusən ABŞ-ın tənqidləri və Əfqanıstan xalqının narahatçılığına əlavə olaraq, Sovet işğalı dövründə Sovet İttifaqına qarşı mübarizə aparan insanların hökümətə təyin edilməsi heç də, Rusiyanın diqqətindən yayınmır, deyə bilərik ki, Rusiya hakimiyyəti də bu vəziyyəti qiymətləndirir və gözləmə mövqeyindədir.

    Əlavə olaraq, ötən günlərdə küçədə çaxnaşma içərisində olan bir qadın, İran televiziyasının Twitter-də yayımlanan bir xəbər videosunda, silah səsləri üzərinə yoxsul insanlarımıza atəş açırlar deyərək bunları da əlavə etmişdi: Bu insanlar (Taliban) çox ədalətsizdirlər və insan deyillər.
    Etiraz aksiyalarına qarşılıq olaraq, Taliban yaraqlıları keçən həftə sonu silah və gözyaşardıcı qazdan istifadə edərək etiraz aksiyalarını dağıtdılar və bəzi qadın yürüşçüləri qəddarcasına döydülər.

    Son olaraq, ölkə əhalisinin xüsusilə, qadınların fikirlərini nəzərə alsaq, eyni zamanda, son bir neçə günün səhnələri, Talibanın modernləşdiyi və ölkəni daha rahat idarə etməyə hazır olduğuna dair verdiyi vədləri şübhə altına alır.

    Politoloq Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR