“Şəhərsalma və Memarlıq İli” çərçivəsində ASAN könüllüləri, IDEA İctimai Birliyi və “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası”nın birgə təşkilatçılığı ilə 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib.
Şamaxı “ASAN Həyat” kompleksində təşkil olunan tədbir kağız tullantılarının toplanaraq təkrar emala yönləndirilməsi vasitəsilə ağacların qorunmasına, ətraf mühitin mühafizəsinə və ekoloji tarazlığın təmin olunmasına töhfə vermək məqsədi daşıyıb.
Aksiyada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, müxtəlif bölgələrin ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir çərçivəsində 200 tondan artıq kağız tullantısından hazırlanmış “Yaşıl dağ” təqdim olunub. Həmçinin ASAN könüllüləri və məktəblilər tərəfindən tullantı materiallarından hazırlanan əl işləri nümayiş etdirilib, mədəniyyət guşəsi yaradılıb və musiqi proqramı təqdim olunub.
Aksiyaya Azərbaycanın 30-dan çox şəhər və rayonundan idarə və təşkilatlar, vətəndaşlar və məktəblilər dəstək veriblər.
“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində 11 il ərzində 2400 tondan çox kağız tullantısı təkrar emala göndərilib. Bunun nəticəsində 40 800-dən çox ağacın kəsilməsinin qarşısı alınıb. Eyni zamanda, proqram müddətində ekoloji istiqamətdə 600-dən çox layihə, 200-dən artıq təmizlik və ağacəkmə aksiyası həyata keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.