AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətən naminə - şərəf tarixi

  • + A
  • - A
  • 24-09-2021, 12:44

    Vətən naminə - şərəf tarixi

    Adil ƏLİYEV,
    Milli Məclis sədrinin müavini,
    parlamentin Gənclər və idman
    komitəsinin sədri

    Vətən müqəddəs məfhumdur. Onun bütövlüyü və azadlığı uğrunda mübarizə isə haqq işidir. Ona görə də tarix xalqların azadlıq və istiqlal uğrunda çoxsaylı mübarizələrinə şahidlik edib. Onların bir qismi uğursuzluqla nəticələnsə də, şanlı və şərəfli qələbələri ilə tarix yazaraq adı tarixə əbədi həkk edilən xalqlar da olub. Eynilə XXI əsrdə dövlətçilik tarixinin ən parlaq və bənzərsiz qələbəsini qazanaraq ərazi bütövlüyünün və ədalətin bərpasına nail olan Azərbaycan xalqı kimi.

    Şanlı qələbə: tariximizin qürur səhifəsi


    Ötən ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsinin möhtəşəm qələbə ilə başa çatması tariximizin şanlı qürur – iftixar səhifəsidir. Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, xalqımızın həmrəyliyi və Ordumuzun gücü sayəsində qazanılan tarixi Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunması ilə 30 illik yurd həsrətimizə son qoyuldu. Bütün dünya işğal faktı ilə barışmayacağını qətiyyətlə bəyan edən Azərbaycan xalqının və dövlətinin iradəsini gördü. Prezident İlham Əliyevin hərb, siyasət və diplomatiya müstəvisində uğurlu fəaliyyəti nəticəsində qüdrətli Azərbaycan dövləti erməni faşizminin başını əzdi – belini qırdı, təcavüzkarı layiqincə cəzalandırdı. Eyni zamanda, torpaqlarımızın işğal altında qaldığı 30 ilə yaxın müddət ərzində ikili standartlara əsaslanan riyakar və qərəzli siyasət yürüdən, işğalçı ilə işğala məruz qalmış tərəfə eyni münasibət bəsləyən dairələr iflasa uğradıldı.

    Sarsılmaz həmrəylik və milli mübarizə ruhu: tarixi Qələbəyə aparan strateji amil

    Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın tarixi Zəfərində - möhtəşəm Qələbəsində xalqımızın həmrəyliyinin – milli birlik faktorunun müstəsna yeri və rolu var. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Bu, Azərbaycan xalqının Vətən sevgisinin ifadəsi və Ali Baş Komandan İlham Əliyevin ümummilli xarakterli qətiyyətli siyasətinin real nəticəsi idi. Eyni zamanda, Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli birliyin daha bir təzahürü oldu.
    44 günlük müharibənin nəticələri və postmüharibə dövründə Azərbaycanın qazandığı nailiyyətlər sübuta yetirdi ki, Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşmiş, həmrəylik nümayiş etdirən Azərbaycan xalqının mübarizə ruhu sarsılmazdır. Bu, ölkəmizin milli qüdrətinin ifadəsi olmaqla yanaşı, Azərbaycanın gələcək strateji nailiyyətlərə doğru yolunu açan çox mühüm faktordur.

    Qəhrəman Vətən övladlarına böyük ehtiram, hörmət və qayğı nümunəsi

    Bu gün Azərbaycan dövləti və cəmiyyəti Vətənin bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımıza, onların ailələrinə, qazilərimizə böyük hörmət, diqqət və qayğı göstərir. Prezident İlham Əliyevin 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalaması isə bu baxımdan xüsusi qeyd edilməlidir. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, dövlət müstəqilliyimizin və suverenliyimizin rəmzi olan üçrəngli bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçularının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmaları təqdirəlayiq hal kimi cəmiyyətdə olduqca yüksək dəyərləndirilir. Bütün bunlar, eyni zamanda, milli həmrəyliyimizi gücləndirən strateji amillər qismində çıxış edir.

    “Dəmir yumruq” öz yerindədir

    Beləliklə, Azərbaycan olduqca mürəkkəb beynəlxalq münasibətlər sistemi şəraitində öz gücü – qüdrəti ilə münaqişəni həll etdi, işğal faktını aradan qaldırdı, separatizmin məhvinə nail oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı”.
    Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsinə nail olmaqla tarix yazdı, dünyada yeni nümunə yaratdı. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı diqqətə çatdırdığı kimi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etməsi, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.
    Regionda yeni reallıqlar yaradan Azərbaycanın qarşısında mühüm strateji vəzifələr durur. Bu kontekstdə Azərbaycan işğaldan azad edilmiş ərazilərdə postkonflikt mərhələsində bərpa-quruculuq işlərinin həyata keçirilməsi, bölgədə yeni nəqliyyat dəhlizinin yaradılması – kommunikasiya xətlərinin bərpası, sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin gücləndirilməsi istiqamətində mühüm təşəbbüslər çıxış edir, yüksək fəallıq nümayiş etdirir. Ən əsası, dövlətimizin gücünün, xalqımızın həmrəyliyinin ifadəsi olan “Dəmir yumruq” öz yerindədir və Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi: “Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR