Noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
İclası açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 12 məsələ daxildir. O, gündəliyin ilk 8 məsələsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını və bir-biri ilə bağlı olduğunu bildirib. Bu məsələlərin Vergi Məcəlləsində dəyişikliklərin edilməsini və ondan irəli gələrək digər normativ-hüquqi aktlarda da dəyişiklikləri ehtiva etdiyini deyən Tahir Mirkişili ötən illərdə Azərbaycan vergi sistemində müşahidə olunan müsbət dinamika və irəliləyişlərdən söz açıb. Qeyd olunub ki, bu sahədə aparılan islahatlar həm vergi-vətəndaş, həm də vergi-sahibkar arasında inam və etibarın yüksəlməsinə səbəb olub. Bundan başqa, haqsız rəqabətin aradan qaldırılması, vergidən yayınmaların qarşısının alınması, eyni zamanda vergitutmanın əhatə dairəsinin artırılması üçün həm qanunvericilik səviyyəsində, həm də inzibatçılıqda görülən işlər öz effektiv nəticəsini verib. 2022-ci ildə Azərbaycan iqtisadiyyatının qarşısında duran yeni hədəflər barədə danışan Tahir Mirkişili bu gün müzakirə ediləcək vergi dəyişikliklərinin də əsasən kölgə iqtisadiyyatının səviyyəsinin daha da azaldılması, qeyri-leqal münasibətlərin aradan qaldırılması, vergi güzəştlərinin müxtəlif hədəfli istiqamətlər üzrə tətbiq olunması kimi dövrün çağırışlarına uyğun hazırlandığını bildirib.
Sonra Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli və Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini geniş şəkildə təqdim ediblər.
Təqdimat zamanı Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri şərtləndirən səbəblər, onların istiqamətləri, xarakteri, maliyyə tutumu, nəzərdə tutulan sosial xarakterli güzəştlər və digər bir çox aspektlər barədə deputatlara ətraflı məlumat verilib. Qeyd olunub ki, bu dəyişikliklər kölgə iqtisadiyyatı ilə mübarizənin gücləndirilməsi, vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı hazırlanıb və əhalinin vergi yükünü azaltmaqla bərabər, büdcəyə daxilolmaların 65 milyon manat civarında artmasını hədəfləyib.
Sənədlərdə yerli əhəmiyyətli tikinti materialları üzrə bələdiyyə büdcəsinə ödənilən mədən vergisi dövlət vergilərinə aid edilib, bir sıra fəaliyyət növləri üzrə vergitutma məsələləri dəqiqləşdirilib, qeydiyyat sadələşdirilib və elektronlaşdırılıb, ölkədə nağdsız hesablaşmalarla əhatə olunan fəaliyyət sahələri daha da genişləndirilib.
Müzakirələrdə çıxış edən deputatlar - komitənin sədr müavini Əli Məsimli, Ziyad Səmədzadə, Vahid Əhmədov, Vüqar Bayramov, Məşhur Məmmədov, Aydın Hüseynov, İqbal Məmmədov qanun layihələrində əhalinin vergi yükünün azaldılmasını, şəhid ailələrinə, müharibə əlillərinə güzəştləri və digər vergi güzəştlərini, ƏDV-dən azadolmaları və maya dəyərində onun payının minimallaşdırılması kimi güzəştlər blokunu təqdirlə qarşılayıblar. Həmçinin dəyişikliklərdə verginin fiskal funksiyası ilə yanaşı, stimullaşdırıcı, tənzimləyici funksiyalarının da nəzərə alınmasını müsbət qiymətləndiriblər. Deputatlar müalicə və cərrahi xərclərə edilən yardımların vergidən azadolma məbləğləri, səyyar vergi yoxlamalarının müddətləri, sanksiyaların diferensiallaşdırılması kimi məsələlərlə bağlı fikirlərini bildiriblər, rəylərini səsləndiriblər.
Komitə müzakirələrdən sonra gündəliyin ilk 8 məsələsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Sonra komitə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxıb. Sənəd vergi orqanlarında xidmət edən və işləyən şəxslərin icbari şəxsi sığortası ilə bağlı məsələləri dəqiqləşdirir. Bu qanun layihəsi də birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Gündəliyin son üç məsələsini - üçüncü oxunuşda olan “Dövlət rüsumu haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında məsələləri, həmçinin bir oxunuşda qəbul ediləcək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsini də komitə nəzərdən keçirib. Hər üç qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
İclasda komitənin üzvləri Məzahir Əfəndiyev, İmamverdi İsmayılov, Anar Məmmədov, Ağalar Vəliyev, Dövlət Vergi Xidmətinin İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov, Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov və digər rəsmi şəxslər iştirak ediblər.