Ötən günlərdə, Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi.
Görüşdə bir sıra məsələlər müzakirə olundu. Görüşün əhəmiyyəti barədə Millət vəkili Ceyhun Məmmədov Azadmedia.az-ın suallarına aydınlıq gətirib.Eyni zamanda, "Zəngəzur dəhlizinin açılması, bütün Türk dünyası ölkələri arasında yeni bir mərhələnin başlanğıcı olacaq" - deyə, Millət vəkili Ceyhun Məmmədov Azadmedia.az-ın redaktoru Ülkər Piriyevaya açıqlamasında qeyd edib.Millət vəkilinin sözlərinə görə, Ümumiyyətlə görüş xüsusi önəm daşıyırdı –“Bilirsiniz ki, Ermənistan baş naziri bir müddətdir bu görüşdən imtina edirdi. Amma Azərbaycan bu görüşün keçirilməsi üçün çalışırdı, çünki bizim üçün maraqlı idi ki, razılaşmanın bəndləri nə üçün yerinə yetirilmir. Yəni burada bir neçə bənd, hələ də bugünə kimi icra olunmayıb. Delimitasiya, demarkasiya, kommunikasiyaların açılması. Ermənistan bugün də onları etmək istəmirdi.”
Millət vəkili vurğulayıb ki, Ümumi götürdükdə, görüş çox məhsuldar keçdi. Burada bir neçə məsələni qeyd etmək lazımdır –“Yəni Rusiya ilə Azərbaycanın əlaqələri, Rusiya prezidentinin Azərbaycan prezidentinə olan isti münasibəti, bu da bilavasitə cənab prezidentin həyata keçirdiyi uzlaşdırma siyasətindən asılıdır ki, bu gün biz, regionda güclü təsir imkanları olan Rusiya ilə münasibətlərimizi qoruyuruq. Bu baxımdan digər bir vacib məsələ ondan ibarət idi ki, bugünə kimi sual var idi ki, Ermənistanın növbəti yanaşması necə olacaq və həm 10 noyabr razılaşmasına, həm 11 yanvar 2021-ci ildəki razılaşmaya sadiqlik bir daha vurğulandı. Bu bizim üçün çox önəmli idi. Yəni biz, Ermənistanın mövqeyini konkretləşdirmək istəyirdik. Eyni zamanda da, Rusiya Azərbaycan Ermənistan yenidən ümumi razılığa gəldilər.”
C.Məmmədov bildirib ki, Türk dünyası üçün, bizim üçün ən önəmli tərəflərindən biri Zəngəzur dəhlisinin açılmasıdır – “Zəngəzur dəhlizinin açılması həm də, Türk Dövlətləri arasında bir körpü rolunu oynayır.”
“Bugün də, Azərbaycan buna çalışır. Hesab edirəm ki, görüşdə dəmir yolunun, avtomobil yolunun açılması, bu məsələnin orada öz əksini tapması gələcəkdə Türk dünyası ölkələri arasında əlaqələrin güclənməsinə, inkişafına daha da möhkəmlənməsinə öz töhfəsini verəcək. Bütün hallarda bu görüşlər lazım idi. İndi, biz Ermənistanın növbəti addımlarını gözləyirik və inanırıq ki, Ermənistan da bu bəndlərə əməl edəcək və biz yekunda yekun sülh müqaviləsini imzalamağa doğru hərəkət edəcəyik.”