Saakaşvilinin həbsxanada aclıq aksiyasını davam etdirərkən qida qəbul etdiyinə dair Video
Gürcüstanın Ədliyyə Nazirliyi ölkənin keçmiş Prezidenti Mixail Saakaşvilinin görüntülərini yaydığına görə 2,5 min lari (təqribən 810 dollar) həcmində cərimə ödəməli olacaq.
Azadmedia.az xəbər verir ki, bu barədə məlumat Gürcüstanın Dövlət Müfəttişliyi Xidmətinin saytında yerləşdirilib.
Belə ki, Nazirlik tərəfindən Saakaşvilinin Rustavi həbsxanasında olarkən və aclıq aksiyasını davam etdirərkən qida qəbul etdiyini, eləcə də Saakaşvilinin həbsxana xəstəxanasına aparılmasını əks etdirən videogörüntülər yayılıb. Bildirilir ki, nazirlik bununla “Şəxsi məlumatların qorunmasına dair” qanunu pozub.
Dövlət Müfəttişliyi Xidməti Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmət tərəfindən gürcü siyasətçinin şəxsi məlumatlarının toplanması və yayılmasının qanuna uyğunluğunu araşdırıb. Qurumun qərarına əsasən, Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmət inzibati məsuliyyətə cəlb ediliblər və 2,5 min lari həcmində cərimə ediliblər.
Qeyd edək ki, bir müddət öncə Mixail Saakaşvilinin həbsxanada aclıq aksiyasını davam etdirərkən qida qəbul etdiyinə dair video yayılmışdı.