AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 18 ildə əsrə bərabər inkişaf yolu keçib

  • + A
  • - A
  • 24-12-2021, 09:51


    Görkəmli dövlət xadimi, yeni əsrin yeni Lideri olan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 18 il keçir. 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.
    1993-cü ildə Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni Prezident seçdi. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.
    Əsrə bərabər 18 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.
    Ötən 18 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.
    Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini - sərkərdəlik məharətini üzə çıxardı. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı İlham Əliyev xarici televiziya və mətbuat orqanlarına otuzdan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.
    Vətən müharibəsində qazanılmış Qələbə həm də həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ötən on səkkiz ilə nəzər salsaq görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. İqtisadi və sosial sahədə qazanılmış bir neçə göstəricini diqqətə çatdırmaq kifayətdir. Ötən 18 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, yoxsulluq 49 faizdən təxminən 5 faizə enib, 2 milyondan çox yeni iş yerləri yaradılıb, əməkhaqları, pensiyalar dəfələrlə artırılıb.
    Siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
    Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.
    Son 18 il ərzində Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Bakı "Eurovision" mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, "Formula 1" yarışlarına, futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa ev sahibliyi edib.
    Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirib. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçib. Təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.
    Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərinə başlayıb. Azad olunmuş yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur.
    Artıq dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədər çoxdur. Bu gün Azərbaycan müxtəlif dövlətlərlə, o cümlədən Avropa İttifaqına üzv olan bir çox ölkələrlə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə müxtəlif formatlarda əlaqələr qurulur və inkişaf etdirilir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illər sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.
    Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi tanınır. Belə ki, 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin istifadəyə verilib, 2014-cü ildə Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulub. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər isə uğurla davam etdirilir. Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb. Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb.
    Prezident İlham Əliyev cənabları da elm, təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərib. Bu gün dövlət büdcəsindən təhsil sahəsinə ayrılan maliyyə vəsaiti hərbi sahədən sonra ikinci yerdədir. Bunun da nəticəsində respublikamızda elm, təhsil sürətlə inkişaf etməkdədir. Ölkəmizin təhsil sistemi MDB məkanında ən irəlidə gedən təhsil sistemidir. Əminliklə deyə bilərik ki, təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün lazımi şərait yaradılıb. Ölkə başçısı İlham Əliyevin "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı"na dair fərmanı təhsil sahəsində görülmüş işlərin bir nümunəsidir. Azərbaycan təhsili hərtərəfli qayğı ilə əhatə olunub. Azərbaycanda "Təhsil haqqında" qanun qəbul edilməsi bir daha onu göstərir ki, ölkə rəhbərliyi təhsilin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Qeyd olunan qanunun qəbulundan sonra, təhsil sahəsində çox yeniliklər baş verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin mədəni irsinin qorunub saxlanılması və beynəlxalq səviyyədə təbliği istiqamətində aparılan uğurlu fəaliyyət Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınmasına yol açıb. Bu gün Azərbaycan beynəlxalq miqyasda çoxəsrlik tarixi ənənələrə, milli-mənəvi dəyərlərə malik olan müasir ölkə kimi tanınır. Bu isə Azərbaycan gerçəkliklərinin, milli dəyərlərimizin beynəlxalq təbliğində müstəsna əhəmiyyət kəsb edir.
    Bütün bunlara paralel olaraq xalqımız öz adət-ənənələrində, həyat tərzində dünyəvi və milli-mənəvi dəyərlərlə yanaşı, İslam dini dəyərlərini də yaşadır, mühafizə edir. Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində əhəmiyyətini vurğulayaraq deyib: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir”.
    Azərbaycan xalqı sahib olduğu mənəvi dəyərləri zənginləşdirərək, müasir çağırışlarla uzlaşdıraraq yaşatmaqdadır. Xalqımıza məxsus olan milli-mənəvi dəyərlər əsrlərdən keçərək bu günümüzə qədər gəlib. Buna təkan verən mühüm amillərdən biri də ötən müddət ərzində bütün əsas tarixi abidələrimizin bərpa edilməsi və ya tikilməsi olub. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd edib: “Biz bu illər ərzində bütün əsas tarixi, mədəni, dini abidələrimizi əsaslı şəkildə bərpa etmişik və yenilərini tikmişik. Teatrlar, muzeylər - bu sahəyə də nəinki Bakıda, hər bir yerdə, bütün bölgələrdə böyük diqqət göstərilir. Çünki bu, bizim tariximizdir, mədəniyyətimizdir. Biz bunu gələcək nəsillər üçün qorumalıyıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin”.
    Azərbaycan dinamik inkişafa malik modern ölkə olmaqla yanaşı, öz tarixi ənənələrini, milli dəyərlərini də yaşadır
    Milli dəyərlərin ən mühüm daşıyıcısı milli mədəniyyətdir. Mədəniyyətin nəsildən-nəslə ötürülməsi milli dəyərlərin də qorunması, yaşadılması deməkdir. Milli dəyərlərin təbliği təhsildə, milli ideologiyada, qanunvericilikdə, cəmiyyətdaxili münasibətlərdə və demək olar ki, bütün aspektlərdə geniş əksini tapıb və yeni nəslə uğurla ötürülən dəyərlər mədəniyyətimizin varisliliyini təmin edib. Başqa sözlə, milli-mənəvi dəyərlərə bağlılığın qorunub saxlanması dövlətimizin diqqət mərkəzindədir. Prezident İlham Əliyev Azərbaycan xalqının hər zaman milli-mənəvi dəyərlərə sadiq olduğunu qeyd edib. Milli irsimizin mühafizəsi məsələsi Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində öz əksini tapıb: “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”.
    Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də millimənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasını prioritet vəzifə kimi qarşıya
    qoymuşdur. “Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz millimənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, - deyən Prezident İlham Əliyevin dövlət-din sahəsində həyata keçirdiyi siyasət əslində Ulu Öndər Heydər Əliyev tərəfi ndən əsası qoyulan siyasətin şaxələndirilmiş şəkildə davamıdır.
    Dövlət başçısı tərəfi ndən aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda
    mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi
    səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfi ndən nümunəvi model kimi qəbul olunur və bəyənilir. Cənab Prezidentin rəhbərliyi ilə böyük tarixə malik məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir.
    Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycan hökumətinin vətəndaşların etiqad azadlığı haqqını təmin etmək sahəsində həyata keçirdiyi tədbir və qəbul etdiyi qərarlar öz müsbət bəhrələrini verməkdədir. Hazırda Azərbaycan Respublikasında dini durum sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi yüksəkdir, dini mövzularda beynəlxalq konfranslar və görüşlər keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Bu gün Azərbaycan hökuməti vətəndaşların əqidə seçiminə hörmətlə yanaşmaqla bərabər, dini ekstremizm, dözümsüzlük ideyalarının təbliğinin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaqdır.
    Son illər tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xristian
    məbədlərinin bərpası və təmiri Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi
    durumun göstəricisidir. İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi 2003-cü ildən indiyədək ölkədə dövlətin dəstəyi ilə 250-dək məscid tikilmiş və ya bərpa edilmişdir.
    Azərbaycan xalqı özünün milli-mənəvi irsinə - onu bütövləşdirən və zənginləşdirən komponentlərə - dil, din, adət-ənənə, eyni zamanda birgəyaşayış mühiti və tolerantlıq kimi xüsusiyyətlərə söykənərək bəşəriyyətin mürəkkəb və ziddiyyətli ictimaisiyasi sınaqlarından məharətlə çıxa bilmiş, dünya xalqları arasında öz varlığını, dövlətçilik ənənələrini qoruyub saxlamağı bacarmışdır. Tarixi hadisələrin gedişatı göstərdi ki, minilliklər ərzində formalaşmış milli-mənəvi sərvətimiz milli mənlik şüurumuzu oyadaraq müstəqil dövlətçiliyimizin bərpasına səbəb olan əsas amildir.
    Prezident İlham Əliyevin dövlət-din, milli-mənəvi dəyərlərin qorunması siyasətinin əsasını azərbaycançılıq ideologiyası təşkil edir: "İslam bizim milli məfkurəmizin, ideologiyamızın, milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Milli-mənəvi dəyərlər dedikdə həm də İslamdan qaynaqlanan, kökü İslama bağlı olan dəyərlər nəzərdə tutulur. İslam bizim üçün təkcə din deyil, eyni zamanda, mədəniyyət, mənəviyyat deməkdir. Azərbaycanı başqa xalqlardan, ölkələrdən fərqləndirən cəhətlərindən biri odur ki, biz din dedikdə bütün dini konfesiyaları nəzərdə tuturuq".
    Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.
    Ceyhun Məmmədov,
    Millət vəkili


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR