Rusiya Aerokosmik Qüvvələrinə məxsus hərbi-nəqliyyat aviasiyasının göyərtəsində sülhməramlılar və texnika olan 19 təyyarə Qazaxıstandan Çkalovski aerodromuna qayıdıb. Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Agentliyin məlumatına görə, Qazaxıstandan KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin sülhməramlıları ilə birlikdə 18 İl-76 və bir An-124 Ruslan təyyarəsi qayıdıb. Müdafiə Nazirliyinin mətbuat xidməti iyirminci An-124 Ruslan təyyarəsinin Almatadan havaya qalxmasına aydınlıq gətirib.
İdarədən əlavə ediblər ki, hərbi qulluqçular üçün təntənəli yığıncaq təşkil olunacaq. Təntənəli mitinqin sonunda hərbçilər təyyarəni boşaldıb daimi dislokasiya məntəqəsinə yürüş edəcəklər.
Xatırladaq ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublikada etirazlar fonunda kömək üçün KTMT üzrə tərəfdaşlarına müraciət edib. Yanvarın 6-da ölkəyə Rusiya, Belarus, Ermənistan, Qırğızıstan və Tacikistandan sülhməramlılar gəlib. Ötən cümə axşamı, yanvarın 13-də qoşunların ölkədən çıxarılmasına başlanılıb və bu, yanvarın 19-dək davam edəcək.
Tərcümə etdi: Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.