Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədə də mühüm mövzulara toxunmuşdur. Dövlət başçısı əsasən, 2021-ci ildə ölkəmizdə iqtisadi, sosial sahələrdə görülən tədbirlər, Azərbaycanla Ermənistan arasındakı münasibətlər, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, ölkəmizin xarici siyasəti və digər məsələlərə dair sualları əhatəli şəkildə cavablandırıb.
Azərbaycan Prezidenti, ilk növbədə, iqtisadi məsələlərə dair suallara cavab verdi. İl ərzində ölkəmizdə iqtisadi artımın 5 faizdən çox olduğunu diqqətə çatdırdı, müharibədən yenicə çıxmış ölkə üçün bunu gözəl bir göstərici kimi xarakterizə etdi. Qeyri-neft iqtisadiyyatımızın 7,2 faiz artmasını da sevindirici hal kimi qiymətləndirdi. Dövlət rəhbərimizin verdiyi açıqlamadan məlum oldu ki, Azərbaycanda ümumi sənaye istehsalı il ərzində 5 faizdən çox artıb. Həmçinin, qeyri-neft sənayesində 20 faizə yaxın artım var.
Prezident İlham Əliyev müsahibə zamanı onu da vurğuladı ki, aparılan siyasətin təməlində insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket iqtisadi islahatların uğurla həyata keçirilməsinə imkan verir.
Prezident İlham Əliyev müsahibəsində, ilk növbədə, Ermənistanın sərhəd bölgəsində Azərbaycan hərbi qulluqçularına qarşı növbəti hərbi təxribatına münasibət bildirdi. Bunun müharibədən sonra baş verən birinci hadisə olmadığını xatırlatdı. Azərbaycanın bundan əvvəlki bütün cavab tədbirlərindən Ermənistanın hələ də ibrət dərsi ala bilmədiyini təəssüflə qeyd etdi: “Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüblər və bu gün Müdafiə nazirindən aldığım məlumata görə, düşmən tərəfinin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb. Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başladı. Lakin onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq”.
Azərbaycanın ordu quruculuğu istiqamətində atdığı növbəti addımlardan, o cümlədən Komando Qüvvələrinin yaradılmasından danışan Ali Baş Komandan bəyan etdi ki, əgər Ermənistandan bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görünsə, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. “Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir”.
Rafiq Əliyev
YAP Yevlax Rayon Təşkilatının Aparat rəhbəri
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.