Əliabbas Salahzadə
Milli Məclisin deputatı Dövlət başçısı İlham Əliyevin yerli televiziyalara müsahibəsində diqqət yönəltdiyi məsələlərdən bəhs edərək bildirib ki, hər bir ölkənin inkişafında iqtisadi tərəqqi əsasdır: “Azərbaycanın yeni iqtisadi və sosial modeli qarşıdakı dövrün aydın mənzərəsini yaradır. Zamanın tələblərinə uyğun həyata keçirilən islahatlar qarşıya qoyulan hədəflərin gerçəkləşməsində stimuldur. Nəzərə alsaq ki, ölkəmiz müharibədən yeni çıxıb, eyni zamanda, iki ildən artıqdır ki, koronavirus infeksiyasına qarşı davamlı tədbirlər həyata keçirir, bu halda əldə edilən sosial-iqtisadi göstəricilərin yüksəkliyini böyük inamla qeyd edə bilərik. Azərbaycan dövləti pandemiyaya qarşı mübarizəyə başlandığı ilk gündən insanların sağlamlığının təminatı ilə yanaşı, iqtisadiyyatın inkişafını da öndə saxladı. Möhtərəm Prezidentimiz İlham Əliyev bu tələbi qarşıya qoydu ki, iqtisadi islahatlar dərinləşdirilməlidir, heç bir sosial layihə təxirə salına bilməz. Həyata keçirilən sosial dəstək proqramları da bunun bariz nümunəsidir. Dövlət başçısı həmin müsahibəsində ötən ilin uğurları fonunda cari il üçün müəyyənləşdirilən hədəflərə söykənərək bildirmişdir ki, müharibədən təzə çıxmış ölkə üçün bu nailiyyətlər doğrudan da iqtisadi sahədə çox gözəl mənzərənin mövcudluğunu göstərir. Bu il həm işğaldan azad edilmiş ərazilərdə investisiya layihələri icra ediləcək, həm də ölkəmizdə bütün sahələrdə islahatlar davam etdiriləcək”.
Ə.Salahzadə onu da əlavə edib ki, iqtisadi və sosial siyasət bir-birini tamamlayır: “Belə ki, dövlətimizin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır. İnsanların sosial rifahının daha da yaxşılaşdırılması, sosial layihələrin uğurlu icrası əsasdır. Dövlət başçısı İlham Əliyev son 18 ildən artıq dövrdə əməkhaqqının və pensiyanın artırılmasına xüsusi diqqət göstərərək bildirir ki, iqtisadi inkişaf insanların gündəlik həyatında özünü büruzə verməlidir. Təkcə 2022-ci ilin sosial paketinə daxil olan Fərman və Sərəncamlara diqqət yetirmək kifayətdir. Minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bu sosial paket 2 milyon insanı əhatə edir. Ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət və qayğı nümunəvidir. Cənab İlhan Əliyev sözügedən müsahibədə Azərbaycanın bu sahədə də dünya miqyasında öz modelini təqdim etdiyini bildirdi. Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olub. O ölkələrin təcrübəsini bilir və öyrənirik”.
“Bugünümüzün prioritet məsələlərindən biri işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin miqyasını genişləndirmək, soydaşlarımızın Böyük Qayıdışını həyata keçirməkdir. Dövlət başçısı müsahibəsində bu istiqamətdə görülən işlərə də xüsusi diqqət yönəltdi. Təbii ki, son bir ildə görülən bərpa və quruculuq işlərinin miqyası o qədər genişdir ki. onları sadalamaqla bitməz. Əsas məsələ insanların bu torpaqlara qayıdışı üçün təhlükəsizliyin təmin olunmasıdır. Bu baxımdan həmin ərazilərin minalardan təmizlənməsi həyata keçirilir. İlk növbədə infrastrukturun keçdiyi yerlər diqqətdə saxlanılır. Bu ərazilərimizdə nə qədər yeni yollar, elektrik xətləri çəkilib. 3 Beynəlxalq Hava Limanının tikintisi nəzərdə tutulub ki, artıq ötən il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, digər ikisinin tikintisi davam edir. Baş planı hazır olan şəhərlərin minalardan təmizlənməsi prosesi də sürətlə həyata keçirilir. Bütün bu işlər ölkəmizin daxili imkanları hesabına aparılır. Ərazilərin minalardan təmizlənməsi həm böyük məbləğdə vəsait tələb edir, eyni zamanda, xeyli vaxt lazımdır. Bütün şəhər və kəndlərimiz müasir tələblərə uyğun şəkildə bərpa edilir. Dövlət başçısı qarşıya bu məqsədi qoyub ki, bu torpaqlara qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir. Çünki onlar həmişə öz torpaqlarının həsrəti ilə yaşamışlar. Yüksək şəraiti təmin etmək üçün isə həm vaxt itirməməliyik, həm də tələsməməliyik. Hər şey əsaslı olmalı, bütün inşaat işləri şəffaf aparılmalıdır. Ölkə Prezidenti verilən bu göstərişi də açıqlayır ki, maksimum şəffaflıq təmin edilməlidir. Əgər hər hansı bir xoşagəlməz halla üzləşsək, cəzamız çox sərt olacaq, bunu hər kəs bilməlidir və bilir”, - deyə millət vəkili vurğulayıb.
Ə.Salahzadə qeyd edib ki, cənab İlham Əliyev dayanıqlı inkişafın, vətəndaş məmnunluğunun təmin edilməsində şəffaflığın, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsini hər zaman önə çəkir və bu istiqamətdə mühüm addımlar atır: “Uğurla həyata keçirilən kadr islahatları, Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” layihəsinin icrası bu istiqamətdə müsbət nəticələrə geniş yol açır. Belə ki, “ASAN xidmət”in əhali tərəfindən bəyənmə əmsalı 98 faizdir. Dövlət başçısı məhz əldə edilən bu uğurlara söykənərək belə bir çağırışı da etdi ki, bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir. ASAN modeli artıq sınaqdan çıxmış bir modeldir”.