“Omikron” ştamına yoluxanlar xəstəliyi nisbətən yüngül keçirirlər. Amma bu ştamın digərlərindən fərqi yoluxuculuq qabiliyyətinin daha yüksək olmasıdır”.
Bunu Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov bildirib. Onun sözlərinə görə, əvvəllər koronavirusun digər ştamları ilə yoluxanlar və vaksinasiya olunmuş şəxslər “Omikron” ştamı ilə yoluxduqda daha yüngül, bəzən simptomsuz keçirirlər:
“Təcrübə də göstərir ki, bu ştamla yoluxanların ağciyərlərində zədələnmə nisbətən az müşahidə olunur. Buna baxmayaraq, əgər qaydalara əməl edilməsə, bu ştamm zamanı da, xüsusilə peyvənd olunmamış və risk qrupuna aid olan şəxslərdə ağırlaşma halları baş verə bilər. “
R.Bayramov deyib ki, xəstələnməmək və ya yoluxduqda xəstəliyi yüngül keçirmək üçün vaksinasiya olunmaqla yanaşı, orqanizmin immun qabiliyyətini normal vəziyyətdə saxlamaq çox önəmlidir: “Xəstəliklərin inkişafında və gedişində irsi faktorların da rolu danılmazdır. Koronavirusun gedişi, xüsusilə ağır gedişli xəstələrin müşahidəsi onu deməyə əsas verir ki, burada da genetik faktorların rolu var”.
Həkim “Omikron” ştamı ilə yoluxma zamanı müşahidə edilən əsas əlamətləri də açıqlayıb:
“Bu zaman xəstədə boğaz ağrısı, boğazda quruluq və diskomfort, səsin dəyişilməsi, burun axması və tutulması, hərarətin yüksəlməsi, baş ağrısı, əzələ ağrısı və s. əlamətlər ən çox müşahidə olunur. “Omikron” ştamı ilə yoluxma zamanı klinik gedişdən asılı olaraq müalicəyə başlanılmalıdır. Amma ehtiyac olmadığı halda çoxsaylı toksiki dərman preparatlarını, o çümlədən venadaxili infuziyaları - sistemləri istifadə etmək lazım deyil. İzolyasiya olunmalı, bol ilıq maye və yalnız həkimlərin məsləhəti ilə dərman preparatı qəbul edilməlidir. Koronavirus infeksiyasının insanlara vurduğu ən böyük zərbə isə psixolojidir. Ona görə də panikaya düşməmək, müalicə həkiminin tövsiyələrinə əməl etmək vacibdir”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.