AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu gündən işə düşür

  • + A
  • - A
  • 30-10-2017, 09:59

    Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu gündən işə düşür












    u gün Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşür.
    AZTB.info APA-ya istinadən xəbər verir ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iştirakı nəzərdə tutulub.

    Layihənin icrasına 2007-ci ildə başlanılıb. Həmin ilin fevralın 7-də Tbilisi şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstanın prezidenti Mixeil Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında" üçtərəfli saziş və "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında" Azərbaycan və Gürcüstan hökumətləri arasında ikitərəfli saziş, habelə Azərbaycanın Nəqliyyat Nazirliyi və "Marabda Kartsaxi Dəmir Yolu" MMM arasında "Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit Müqaviləsi" imzalanıb.

    Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.

    Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir.

    Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artıracaq.

    2011-ci il mayın 18-də Bakıda ikitərəfli sazişə edilmiş bəzi əlavə və dəyişikliklər barədə Protokol imzalanıb. Bu dəyişikliklər əsasında 1 iyul 2011-ci il tarixində Azərbaycanın Nəqliyyat Nazirliyi və "Marabda Kartsaxi Dəmir Yolu" MMM arasında yeni şərtlər çərçivəsində yeni Kredit Müqaviləsi imzalanıb.
    Qars-Axalkalaki yolu xəttinin ümumi uzunluğu 105 kilometrdir. Qars-Axalkalaki yolu xəttinin uzunluğu 76 km olan Türkiyə hissəsinin inşası rəsmi Ankaranın maliyyə vəsaiti hesabına həyata keçirilib. Layihənin Gürcüstan ərazisinə düşən hissəsinin - 26 km uzunluğundakı Qars-Axalkalaki dəmir yolu xəttinin, habelə uzunluğu 153 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan tərəfindən 775 milyon dollar, o cümlədən Tranş A üzrə illik dərəcəsi 1% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 200 milyon dollar və Tranş B üzrə illik dərəcəsi 5% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 575 milyon dollar həcmində kredit vəsait ayrılıb. İkitərəfli Sazişə müvafiq olaraq, kreditin istifadəsinə müstəsna səlahiyyətlərlə nəzarət edən və bu məqsədlər üçün kredit tam qaytarılanadək büdcənin təsdiq olunması və onun icrasına nəzarət edən məşvərət orqan - Koordinasiya Şurası yaradılıb.

    Qeyd edək ki, Azərbaycan prezidentinin 21 fevral 2007-ci il tarixli 1974 nömrəli sərəncamına edilmiş dəyişiklərlə əsasən, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin Marabda-Axalkalaki hissəsinin bərpa və yenidən qurulmasının və Axalkalakidən Türkiyə ilə sərhədə qədər olan hissəsinin tikintisinin maliyyələşdirilməsi və qarşıya çıxan digər təşkilati tədbirlərə operativ nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Komissiyası yaradılıb.

    Sərəncama əsasən, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin həyata keçirilməsi Azərbaycan hökuməti tərəfindən işlərin əlaqələndirilməsi "Azərbaycan Dəmir Yolları" QSC-yə həvalə edilib.

    Azərbaycan prezidentinin 21 fevral 2007-ci il tarixli 1974 nömrəli sərəncamına uyğun olaraq, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsini Dövlət Neft Fondu (ARDNF) həyata keçirib. Bu sərəncama müvafiq olaraq, Azərbaycan hökuməti adından kreditləşmənin təşkili və bank xidmətinin həyata keçirilməsi üzrə agent bank "Azərbaycan Beynəlxalq Bankı" ASC təyin edilib.

    Layihənin maliyyələşdirilməsinə başlayandan etibarən 30.09.2017 tarixə qədər ARDNF tərəfindən xəzinədarlıq vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ümumilikdə 640,3 milyon dollar, o cümlədən cari ilin yanvar-sentyabr ayları ərzində 10,1 milyon dollar vəsait ayrılıb. Bu vəsait nazirlik tərəfindən Gürcüstan və Azərbaycan hökumətləri arasında imzalanmış İkitərəfli Sazişə müvafiq olaraq, Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiya və istismarı üçün yaradılmış "Marabda-Kartsaxi Dəmir Yolu" MMC-nin hesabına köçürülüb.

    Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk konteynerlərin daşınması "ADY Konteyner" MMC-yə həvalə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR