Eskişehir Azərbaycanlılar Dərnəyi
Layihə koordinatoru
Fin. Uzm. Bəxtiyar QarayevAzadmedia.az xəbər verir ki, 02.02.2022-ci il tarixində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) tərəfindən “Türkiyədəki Azərbaycanlı Gənclərin Toplantısı” keçirilib. Onlayn görüşün moderatoru Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri, TADEF Sədrinin Gənclərlə İş üzrə Müavini Uzm. Əcz. Cavid Aydın olub və açılış nitqi zamanı “Azərbaycan Gənclər Forumu”ndan sonra prezident Heydər Əliyev tərəfindən 2 fevral gənclərə diqqət və qayğının bariz nümunəsi kimi “Gənclər Günü” kimi qəbul edildiyini açıqlayıb.
Daha sonra TADEF-in Sədr Müavini Pərviz Məmmədzadə çıxışında 22 assosiasiyanı birləşdirən federasiya ilə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlığından danışıb. O, gənclərin ideyalarının vacibliyini vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr və Gənclərlə İş Şöbəsinin Gənclərlə İş Sektorunun müdiri Emin Rüstəmov prezident İlham Əliyevin gənclərin özünü inkişafı ilə bağlı siyasətindən danışıb. O, 2007-2015-ci illər çərçivəsində dövlət proqramı iləgənclərin dünyanın müxtəlif ölkələrində təhsil almaq imkanlarından danışıb. Bu siyasətə uyğun olaraq Gənclər və İdman Nazirliyi yanında “Gənclər Fondu” yaradılmışdır. Gənclərin inkişafı siyasəti çərçivəsində idman komplekslərinin tikintisindən söz açılıb, xaricdə yaşayan gəncləri bir araya toplamaq məqsədilə “Nəsimi ili” çərçivəsində Şamaxıda düşərgənin təşkil edildiyi vurğulanıb. Diaspora gənclərinin sonuncu Zəfər Bayramı ilə əlaqədar görüşü 2021-ci ildə İstanbulda olmuşdur.
Gənclərin fəaliyyətini qiymətləndirən daha bir misal 2020-ci ilin “Könüllülər ili” olmasıdır. 44 günlük müharibədə şəhid və qazi olan gənclərlə yanaşı, onlara və ölkəyə hər mənada dəstək olan gənclərin əhəmiyyəti vurğulanıb.
Gənclər və İdman Nazirliyini təmsil edərək çıxış edən Elşən Hüseynov da, öz növbəsində bütün iştirakçıların Gənclər Günü'nü təbrik edib.
Görüş Türkiyədə yaşayan gənclərin çıxışları ilə davam edib. Onlar yaşadıqları şəhərlərdə gənclərin qarşılaşdıqları çətinlikləri dilə gətirib, təkliflərini irəli sürüblər.
Tokat Azərbaycanlı Tələbələr Dərnəyinin sədri Seymur Ağayev Tokatdakı universitetin təhsil haqqının tələbələrin vətəndaşlığına görə tətbiq edildiyini və bəzi ölkələrlə müqayisədə Azərbaycandan gələn tələbələrdən daha yüksək ödənişlər alındığını bildirib.
Bursa GİMAZDER Gənclər sədri Elnur İsmayılov və Bursa Tələbə Birliyinin nümayəndəsi Adil Əlisoy çıxışında Bursanın Türk Dünyasının Mədəniyyət Paytaxtı olmasına diqqət çəkərək, gələcəkdə burada tədbirlərin keçirilə biləcəyini vurğulayıblar.
Eskişehir Azərbaycanlılar Dərnəyi Gənclər sədri Uzm. Kim. Nurlan Maarif virtual aləmin inkişafını və bugün gənclərin sosial mediaya daha çox cəlb olunduğunu vurğulayaraq, bu sahədə çalışmağın vacib olduğunu bildirib. Dərnək çərçivəsində həftədə iki dəfə gənclər üçün həyata keçirilən tədbirlərlə yanaşı, digər qurumlarda da sərgi, konfrans, intellektual yarışlar, Qələbə paradı kimi tədbirlərin keçirildiyini açıqlayıb.
Prezident İlham Əliyevin vurğuladığı kimi, mətbuatda daha çox işıqlandırılmaq üçün dərnəyin nəzdində üç aylıq “Üç Çizgi” jurnalının nəşr olunduğu və yerli televiziya kanallarından birində eyniadlı verilişin yayımlandığı dilə gətirilib. Gənclərin ümumi problemi kimi sosial fəaliyyətə çox yer vermək istəməmələri və iş dünyasına daxil olanda bürokratik çətinliklərlə qarşılaşdıqları izah olunub. Uzm.Kim. Nurlan Maarif İş adamlarını və gəncləri toplayaraq Eskişehirdə “Gənclər Forumu” təşkil edilməsini təklif edib.
Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi Gənclər sədri Vüsalə Hacıyeva da oxşar problemləri dilə gətirib, universitet gənclərinin layihələrə cəlb olunarkən yaşadıqları çətinlikləri ətraflı izah edib.
Görüşdə qonaq qismində Azərbaycanın xalq artisti Əlixan Səmədov və maestro Ceyhun kimi tanınan skripka ifaçısı Ceyhun İsmayılov iştirak edərək gəncləri bayram münasibətilə təbrik ediblər.
Sonda bəzi iştirakçılar söz alıb və görüşün təşkilində əməyi keçən hər kəsə təşəkkür ediblər.
Eskişehir Azərbaycanlıları Dərnəyi sədri, TADEF Sədrinin Gənclərlə İş üzrə müavini, Uzm. Əcz. Cavid Aydın tədbirdə iştirak edənlərə təşəkkür edib və gənclər üçün görüləcək işlərin daha da artacağını bildirib.
Ülkər Piriyeva