Ulu Öndər Heydər Əliyevin arzularının təntənəsi..
Azadmedia.az-a TADEF mətbuat xidmətindən verilən məlumata görə, 10 dekabr, 2021-ci il tarixdə “Heydər Əliyev və Azərbaycan Diaspora Təşkilatları ” mövzusunda onlayn tədbir baş tutub.
Belə ki, Microsoft Teams platformasında keçirilən tədbir İstanbul-Azərbaycan Dostluq Dərnəyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi və Azərbaycanşünaslıq ETL-nin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə iştirak edən Regionşünaslıq kafedrasının müdiri Dos. Sevdagül Əliyeva, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının həyatında əvəzolunmaz rolu, uzaqgörən fəaliyyəti barədə məlumat verib. O eyni zamanda, dünya azərbaycanlılarının təşkilatlanması və Diaspora təşkilatlarının yaradılması və onların fəaliyyətinin Azərbaycanla əlaqələndirilməsi ideyasının da, Ulu Öndər Heydər Əliyevin ən ümdə arzularından biri olduğunu diqqətə çatdırıb.
Regionşünaslıq kafedrasının müəlliməsi Sara Ələsgərova, Ulu Öndər Heydər Əliyevin Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması, Dünya azərbaycanlılarının ilk qurultayının keçirilməsi, diaspora təşkilatlarının təşkilatlanması sahəsindəki fəaliyyətindən bəhs edib.
İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri, TADEF-in baş katibi Hülya Xuraman Ağasoy, Heydər Əliyevin uzaqgörən siyasətinin təntənəsi olan Diaspor təşkilatlarının daha mütəşəkkil, daha ciddi addımlar atması, Azərbaycanda baş verən hadisələrə daha tez və düzgün reaksiya verməsi barədə vurğulayıb. X.Ağasoy, 44 günlük Vətən müharibəsi ərəfəsində və ondan sonrakı dönəmdə Türkiyədəki azərbaycanlıların təşkilatlanması və bilavasitə, təmsil etdiyi təşkilatların fəaliyyətləri haqqında da qeyd edib.
TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə, Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlıların siyasi və ideoloji baxımdan təşkilatlanmısına xüsusi önəm verməsini bildirib, bununla yanaşı, Türkiyədə yaşayan azərbaycanlıların bu sahədə hüquqi status alması, təmsil etdiyi Federasiyanın rəhbərliyi və üzvlərinin yeni tərkibinin Azərbaycanda baş verən dəyişiklikləri həmvətənləri ilə bərabər qəbul etməsi, Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və digər sahədəki fəaliyyətləri haqqında ətraflı məlumat verib.Ankara-Bakı Tanıtım və Dayanışma Dərnəyinin sədri, TADEF-in sədr müavini Səttar Kaya, Heydər Əliyev və Mustafa Kamal Atatürkün öz xalqları üçün etdikləri böyük əməllərin əhəmiyyətindən danışıb.
O həmçinin, Heydər Əliyevin yaşadığı dövrün və coğrafiyanın dərin bilicisi və xalqının gələcək tərəqqisini təmin edəcək bir zəkaya malik olduğunu vurğulayaraq Ümummilli lider kimi bir şəxsiyyətin Azərbaycan tarixində yer alması azərbaycan xalqının böyük şansıdır, deyib.
ADU-nun Azərbaycanşünaslıq ETL-nin müdiri, t.ü.f.d Aqşin Rüstəmov, tədbir iştirakçılarına Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə dəyərli fikirlərə görə dərin təşəkkürünü bildirərək həmvətənlərimizə diaspor fəaliyyətində müvəffəqiyyətlər arzu edib.
Ülkər Piriyeva