AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yerlərdəki mədəniyyət müəssisələri müasir çağırışlara cavab verməlidir

  • + A
  • - A
  • 4-02-2022, 20:27

    Yerlərdəki mədəniyyət müəssisələri müasir çağırışlara cavab verməlidir

    Azadmedia.az xəbər verir ki, fevralın 3-də Gəncə şəhərinə səfər edən mədəniyyət naziri Anar Kərimov burada bir sıra mədəniyyət müəssisələrinə baş çəkib, onların fəaliyyəti ilə maraqlanıb.

    Səfər çərçivəsində Anar Kərimov Nizami Gəncəvi Məqbərə Kompleksini ziyarət edib. Qeyd olunub ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi dövrünün, eləcə də özündən sonra yaşayıb-yaratmış dünyanın görkəmli şair və mütəfəkkirlərinə təsir edib. Söz ustadı eyni zamanda bənzərsiz əsərləri ilə Orta əsrlər ədəbi-poetik ənənələrinin formalaşmasına, fəlsəfi, sosial-mədəni və siyasi həyatın inkişafına öz töhfəsini verib.

    Daha sonra Nizami Gəncəvi Muzeyinə baxış keçirən nazirə burada yaradılan mütəfəkkir şairin həyat və fəaliyyəti haqqında geniş məlumatlarla zəngin elektron məlumat köşkü barədə Anar Kərimova məlumat verilib. Nazir ziyarətçilərə göstərilən xidmət səviyyəsinin daha da artırılması, muzeyin yeni eksponatlarla zənginləşdirilməsi ilə bağlı tapşırıqlar verib.

    Anar Kərimov Gəncə Dövlət Dram Teatrının bu günlərdə istifadəyə verilən yeni binası ilə tanış olub. Bildirilib ki, son illər Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti ilə respublikamızda onlarla yeni mədəniyyət müəssisəsi tikilib istifadəyə verilib. Bütün sahələrdə olduğu kimi, milli mədəniyyətimizin müxtəlif sahələrinin inkişafı, ölkəmizin mədəni irsinin qorunması və təbliği istiqamətində fəal işlər aparılır. Xüsusən regionlarda əhalinin asudə vaxtının səmərəli təşkili üçün mədəniyyət müəssisələri tikilir, yaxud bərpa olunur. Dövlət Dram Teatrının yeni, möhtəşəm binası da dövlət başçısının müvafiq sərəncamına əsasən inşa edilib.

    Teatrın binası ilə tanışlıqdan sonra yaradıcı heyətlə görüş keçirilib. Nazir görüşdə teatr əməkdaşlarına yaradıcılıq uğurları arzulayıb. Anar Kərimov eyni zamanda teatrın yeni binada ilk tamaşasının Gəncənin tarixini əks etdirən əsərlərdən ibarət olmasını tövsiyə edib.

    Gəncə Dövlət Kukla Teatrına gələn nazir burada kollektivin iş şəraiti ilə tanış olub. Məlumat verilib ki, teatr tarixi binada yerləşir, yaradıcı heyət tərəfindən yeni tamaşalar nümayiş olunur. Nazir repertuarda olan tamaşalardan bir hissəni izləyib, öz tapşırıq və tövsiyələrini verib.

    Daha sonra Gəncə Kinoteatrı ilə tanış olan Anar Kərimova müəssisənin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması məqsədilə yeni layihələrin hazırlanması ilə bağlı məlumat verilib.



    Ölkə rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə həssas münasibət var

    Səfər çərçivəsində Anar Kərimov F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası Gəncə regionunun mədəniyyət ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib.

    Nizami yurdu Gəncənin Azərbaycan və dünya mədəniyyəti üçün əhəmiyyətini qeyd edən nazir bu şəhərin yetirdiyi tarixi şəxsiyyətlər, mədəniyyət və incəsənət xadimləri barədə söhbət açıb. Bildirilib ki, bu qədər tanınmış simanı dünyaya bəxş edən Gəncədə yaşayıb-yaratmaq qürurverici hissdir.

    Nazir çıxışında həmçinin diqqətə çatdırıb ki, mədəniyyətə əyləncə sahəsi kimi yanaşmaq olmaz, mədəniyyət sahəsi ölkəmizin strateji məqsədlərini özündə cəmləşdirən həyat tərzidir. Qeyd olunub ki, ulu əcdadlarımızın yaratdığı və bizə miras qoyduğu maddi mədəni irsimizin qorunması vacibdir. Bu sahəyə ölkə rəhbərliyi tərəfindən xüsusilə həssas münasibət var, həmçinin daim diqqət və qayğı göstərilir.

    44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbədən, bu zəfərin yeni qürur tariximizin başlanğıcı olmasından danışan Anar Kərimov bu kontekstdə mədəniyyət sahəsinin üzərinə düşən öhdəlikləri qeyd edib. Bildirib ki, ölkəmizdə şəhidlərimizin xatirəsini və Vətən müharibəsində əldə olunan Zəfərimizi əbədiləşdirən memorial komplekslər, zəfər muzeyləri tikilir. Bu günlərdə dövlət başçısı tərəfindən Gəncə Memorial Kompleksinin təməlini qoyulub. Bu istiqamətdə işlər davam etdiriləcək.

    İnsanların yaşam tərzində mədəniyyətin və təhsilin rolunu qeyd edən nazir bu baxımdan kino, kitabxana, teatr, muzeylərin əhəmiyyətini vurğulayıb. Deyib ki, əcdadlarımızdan qalan mədəni mirasın nəsildən-nəslə ötürülməsi vacib əhəmiyyət kəsb edir. Yeni nəslin təhsilli və mədəniyyətli olaraq yetişməsi ölkəmiz üçün strateji məsələdir.

    Regional mədəniyyət idarələrinin fəaliyyətindən danışan Anar Kərimov nazirlik sistemində aparılan sistemli islahatlara da toxunub. Bildirib ki, yeni yanaşmada mədəniyyət sahəsində çalışan insanlar dövlətçilik, şəffaflıq, ədalətlilik, məsuliyyət kimi prinsipləri öz fəaliyyətlərində rəhbər tutmalı, daha təşəbbüskar və peşəkarlıq nümayiş etdirməli və göstərdikləri xidmətlərin keyfiyyətini daha da artırmalıdırlar. Nazir eyni zamanda bu sahədə yeni layihələrin keçirilməsinin, marketinqin aparılmasının, maddi-texniki vəziyyətin yüksəldilməsinin prioritet məsələlərdən olduğunu vurğulayıb.

    Daha sonra mədəniyyət işçilərinin suallarını cavablandıran Anar Kərimov onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

    Sonda filarmoniyanın “Şuşa İli”nə həsr olunmuş konsert proqramı təqdim olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR