“Bu gün Belçikada 30 ölkənin liderlərinin iştirakı ilə NATO zirvə toplantısı öz işinə başlayıb. Müzakirələrin əsas mövzusu Ukrayna və Rusiyadır. Ukraynadakı vəziyyət, Ukraynaya silah tədarükü, Rusiyaya qarşı əlavə sanksiyalar toplantının ana xəttini təşkil edir. Bu dəfə qəbul ediləcək qərarlar Rusiya iqtisadiyyatına daha dərin zərbə vuracaq”.
Bu fikirləri
Azadmedia.az-a müsahibəsi zamanı siyasi şərhçi Tehran Orucoğlu səsləndirib.
“Biz ötən gün Avropa İttifaqının Ukraynaya maddi yardımını gördük. Ittifaqın yardım tədbirləri 28 fevral 2020-ci ildə elan edilmiş ilkin büdcəni əlavə 500 milyon avro artırır ki, bu da iki dəfə artımla 1 milyard avro deməkdir. NATO toplantısında da mühüm qərarların şahidi olacağıq. Zirvə görüşündə iştirak edən ölkə liderləri Ukraynaya haqq savaşında birmənalı olaraq dəstəyini ifadə edən rəhbərlərdir. Düşünürəm ki, hava məkanı tam bağlanmayacaq. Bu Rusiya ilə NATO müharibəsi, daha dəqiq desək 3-cü dünya müharibəsi demək olardı. Ona görə də, sanksiyalar paketi daha qabarıq öz əksini tapacaq. İdxalda Rusiyadan asılılığın minimuma endirilməsi üçün müzakirələr keçiriləcək.
Həmçinin Ukraynaya silah ixracı əsas mövzu olacaq. Bilirik ki, NATO üzvləri, avropadan Ukraynaya rəsmi səfərlər zamanı hava məkanı müvəqqəti bağlanır. Bu kimi səfərlərin tez-tez təşkil ediləcəyi də gözləniləndir. Ümumilikdə deyə bilərik ki, müharibənin son günlərini izləyirik. Nəticənin nə olacağı görüşdən sonra tam bəlli olacaq”.
Ülkər Piriyeva