NATO-nun Brüsseldə keçirilən fövqəladə zirvə toplantısında alyansın gücləndirilməsinə qərar verildi. Təşkilata üzv dövlətlər anlayırlar ki, Ukrayna məğlub olsa, Rusiya NATO üzvlərini hədəf götürəcək. NATO birbaşa Ukrayna müharibəsində iştirak etməsə də, Kiyevə silah çatdırmaqda davam edəcək. Halbuki Ukrayna Prezidenti Vladimir Zelenski zirvə toplantısına müraciətində Şimali Atlantika Blokundan kifayət qədər dəstək almadığını vurğulayıb.
Bu sözlər “Atlas” mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun araşdırmasında qeyd edilib.
Politoloqun sözlərinə görə, “Təyyarələrinizin və tanklarınızın cəmi 1 fazini Ukraynaya versəydiniz və ya satsaydınız, bu qədər dağıntı ilə üzləşməz və işğalçıya daha çox zərər verərdik” deyən Zelenski haqlıdır:
“Rusiya quruda irəliləyə bilməsə də, Ukraynada hava üstünlüyünə malikdir və şəhərlər bu səbəbdən bombalanır və mülki insanlar arasında itkilər artır.
Buna baxmayaraq, NATO Rusiyanın Ukraynada qələbə qazanmaması üçün Ukraynaya dəstəyini artırmaq məcburiyyətindədir. Rusiya rəsmiləri ard-ardına NATO ölkələrini nüvə hücumu ilə hədələyir. “Soyuq müharibə” illərində belə Kreml Qərbi nüvə hücumu ilə hədələmirdi. Rusiya Prezidenti Vladimir Putin Ukraynada məğlubiyyət qarşısında növbəti təhlükəli addımını ata bilər. Təsadüfi deyil ki, Pentaqonda artıq nüvə müharibəsi ssenarilərini analiz edirlər.
NATO-nun Baş katibi Yens Stoltenberq zirvə toplantısından sonra keçirdiyi mətbuat konfransında Rusiyaya dəstək verən Çini bu sözlərlə xəbərdar edib: “Biz bu gün Çinə Rusiyaya yardımını dayandırmaq barədə çağırış etdik. Pekin iqtisadi və digər sahələrdə Moskvaya dəstəyini dayandırmalıdır. Çin Rusiyaya təzyiq göstərməli və dərhal konstruktiv mövqe ortaya qoymalıdır”.
Görünür, NATO-nun Çinə hələ ümidi var. Aydındır ki, Pekin bu çağırışla Kremllə tərəfdaşlıqdan imtina etməyəcək. Ancaq Çinlə bağlı artan xəbərdarlıqlar Pekini ciddi düşündürməlidir. Kreml riskli oyuna baş vurub və dünyanı bataqlığa sürükləmək istəyir. Bu sırada Kremllə bir sırada ən çox iki dövlətin adı çəkilir – Belarus və Çin”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.