Aprelin 4-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Xarici İşlər nazirlikləri tərəfindən keçirilən “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirildi.
Azadmedia.az - Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, ötən il “Nizami İli” çərçivəsində ölkəmizdə və xaricdə çoxsaylı layihələr həyata keçirilib. Nizami Gəncəvi Beynəlxalq Forumu, İşıq Festivalı və s. tədbirlər təşkil edilib, eyni zamanda VII Bakı Beynəlxalq Kitab Sərgisi Nizami Gəncəvinin 880 illiyinə həsr olunub. Vurğulandı ki, bu layihələrin hər biri Nizaminin Azərbaycan ədəbiyyatının nümayəndəsi olduğunu sübut edən və təbliğinə töhfə verən fəaliyyətlər kimi mühüm əhəmiyyətə malikdir.
Esse müsabiqəsi haqqında məlumat verən nazir diqqətə çatdırdı ki, ötən ilin noyabrında elan edilən müsabiqəyə esselərin qəbulu dekabrın 30-da başa çatıb. Ümumilikdə müsabiqəyə 19 ölkədən (Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Ukrayna, Polşa, Bolqarıstan, Rusiya, Küveyt, Misir, Vyetnam, Cənubi Koreya və s.) 4 dildə (Azərbaycan, türk, ingilis və rus dilləri) 288 esse təqdim edilib. 24 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul olunmayıb. Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün 264 esse və onların müəllifləri xüsusi ştrixlə şifrələnərək qiymətləndirmə komissiyasına təqdim edilib. Komissiyanın 4 üzvü tərəfindən esselərin bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb.
Daha sonra qiymətləndirmə komissiyasının üzvləri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Elnarə Akimova, yazıçı Günel Anarqızı, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub çıxış edərək müsabiqənin əhəmiyyətini vurğuladılar, təqdim edilən əsərlərdə Nizami irsinə sevgi və yanaşmaların müxtəlifliyindən söz açıldı.
Qeyd olundu ki, müsabiqə komissiyasının yekun qərarına uyğun olaraq aşağıdakı əsərlər qalib elan edilib:
I yer – Selçuk Karakılıç “Büyük kahraman: Nizami Gencevi”(Türkiyə)
II yer – Tariq Yousef “A Letter to Nizami Ganjavi” (Küveyt)
III yer – Mülayim Hümmətova “Nizami Gəncəviyə məktub”(Rusiya)
Daha sonra qalib müəlliflər mükafatlandırıldı.
Birinci yerin qalibi Bakıda fəaliyyət göstərən Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç Azərbaycan ədəbiyyatına və mədəniyyətinə sevgisindən danışdı. Türk dünyasının iki dahi mütəfəkkiri Yunus Əmrə və Nizami Gəncəvi dühasının yaşadıldığını və ölməzliyini, əsrlərlə insanların fəlsəfi düşüncələrinə təsirini qeyd etdi. Müsabiqədə qalib olmağından məmnunluğunu ifadə edən S.Karakılıç “Nizami İli” çərçivəsində rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələrdən də söz açdı.
Qaliblərin mükafatlandırılması həm də esselərdən qısa parçaların qiraəti ilə müşayiət edildi. Tədbirin bədii hissəsində Xalq artistləri Teyyub Aslanov, Samir Cəfərov və Əməkdar artist İlham Nəzərov Nizaminin sözlərinə yazılmış muğam və romansları təqdim etdilər. Bütün ifalar alqışlarla qarşılandı.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, müsabiqənin birinci yer üzrə qalibinə 2021 dollar, ikinci yer üzrə qalibə 1141 dollar və üçüncü yerin sahibinə isə 880 dollar pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olundu.