Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirəsini davam etdirmək və hər iki ölkə ilə Aİ əlaqələrinin inkişafını müzakirə etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı qəbul edib.
Aİ Şurasının prezidenti Ş.Mişel Aİ-nin gərginliyin aradan qaldırılmasında yaxından işləmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazı təşviq etmək üçün Ermənistan və Azərbaycan ilə əməkdaşlığı dərinləşdirməyə sadiqliyini bir daha vurğuladı.
Liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında prezident Makronla videokonfransdan sonra baş verən hadisələri nəzərdən keçirdilər. Onlar üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi ilə bağlı əldə olunan uğurlara nəzər salıblar. Onlar gərginliklə bağlı son vəziyyəti müzakirə etdilər və 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini bir daha təsdiq etdilər. Onlar 2022-ci il martın 30-da Aİ-nin himayəsi altında Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışladılar və liderlər səviyyəsində əldə olunmuş razılaşmaların müvafiq şəkildə izlənilməsi üçün bu əlaqənin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəldilər.
Prezident Ş.Mişel etimad və dinc yanaşı yaşayışı təşviq etmək üçün hər iki tərəfin humanitar addımlarının vacibliyini vurğulayıb. O, yerdə qalan saxlanılan şəxslərin azad edilməsi və itkin düşmüş şəxslərlə bağlı problemin hərtərəfli həlli də daxil olmaqla, həll edilməmiş digər bütün humanitar məsələlərin tam və tez həllinin zəruriliyini vurğulayıb və Aİ-nin bu səyi dəstəkləməyə hazır olduğunu bildirib. Aİ, həmçinin ekspert məsləhətləri verməyə və maliyyə yardımını artırmağa, habelə münaqişədən zərər çəkmiş əhaliyə, bərpa və yenidənqurma işlərində yardım göstərməyə davam etdirməklə, Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, eləcə də humanitar minatəmizləmə səylərini dəstəkləməyə davam edəcək.
Prezident Ş.Mişel həm Prezident İ.Əliyevin, həm də Baş nazir N.Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri əhatə edən gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığının verilməsi qərara alınıb.
İkitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq, aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi da razılaşdırılıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq:
1. Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, və
2. sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi.
Prezident Ş.Mişel, həmçinin vurğuladı ki, qüvvələrin müvafiq məsafədə saxlanmasının təmin edilməsi insidentlərin qarşısının alınması və gərginliyin azaldılmasının vacib elementidir. Prezident Ş.Mişel Aİ-nin məsləhət və dəstək verməyə hazır olduğunu bir daha təsdiqlədi.
Liderlər, həmçinin xüsusilə Ermənistan və Azərbaycan arasında, eləcə də bütövlükdə Cənubi Qafqazda kommunikasiya/bağlantı infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Ş.Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yollarının bərpası üçün effektiv həll yolları tapmağa çağırıb. Aİ öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə, qarşılıqlı əlaqələrin inkişafına dəstək verməyə hazırdır.
Liderlər, görüşlərinin nəticələrini izləmək və qarşılıqlı əlaqəni davam etdirmək barədə razılığa gəliblər.