AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Run for Art” beynəlxalq fotomüsabiqəsinin yekun sərgisi açıldı

  • + A
  • - A
  • 7-04-2022, 13:42


    “Run for Art” beynəlxalq fotomüsabiqəsinin yekun sərgisi açıldı
    Azadmedia.az - Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Mədəniyyət Nazirliyi və İtaliya Milli Olimpiya Akademiyasının “Culio Onesti” Fondunun birgə təşkilatçılığı ilə keçirilmiş “Run for Art” (“Sənət üçün qaç”) beynəlxalq fotomüsabiqəsinin yekun sərgisi açıldı.

    Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibi Azər Əliyev, mədəniyyət naziri Anar Kərimov və İtaliya Milli Olimpiya Akademiyasının vitse-prezidenti, “Culio Onesti” Fondu İdarə heyətinin üzvü, xizəksürmə üzrə keçmiş Olimpiya çempionu xanım Klaudio Cordani və digər qonaqlar iştirak edirdi.

    Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyəti haqqında məlumat diqqətə çatdırıldıqdan sonra “Culio Onesti” Fondu İdarə heyətinin üzvü Klaudio Cordani çıxış etdi. Layihə haqqında məlumat verən italiyalı qonaq diqqətə çatdırdı ki, “Sənət üçün qaç” gənc fotoqraflar üçün “Culio Onesti” Fondu tərəfindən hazırlanmış beynəlxalq müsabiqədir. Müsabiqənin məqsədi incəsənət və idmanı birləşdirməkdir.

    Müsabiqə 18-35 yaş arası, dünyanın istənilən ölkəsindən qatıla biləcək həvəskar və peşəkar fotoqraflar üçün nəzərdə tutulub. Hər müsabiqə üçün 5 fərqli aspektə görə mövzu təklif olunur: kateqoriyaların sayı simvolik olaraq 5 Olimpiya halqasını ifadə edir. İdmanda etika, müxtəliflik və inklüzivlik kimi mövzular idman və fotonun köməyi ilə araşdırılır.

    Qeyd olundu ki, müsabiqənin final mərhələsinə daxil olan 5 kateqoriyanın hər biri, ümumilikdə 40 fotoşəkil üçün, idman yarışında olduğu kimi, 8 finalçı müəyyən edilir. Fotoşəkillər incəsənət, idman və medianı təmsil edən beynəlxalq münsiflər tərəfindən seçilir. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev beynəlxalq fotomüsabiqənin münsiflər heyətinin üzvüdür.

    Xanım Klaudio Cordani çıxışının sonunda tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi, Bakıda yenidən olmaq diləyi ilə fotoqraflara uğurlar arzuladı.

    Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə müsabiqəyə təşkilatı dəstək verdiyinə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi. Azərbaycan Milli Olimpiya Komitəsinin 30 il əvvəl yarandığını deyən Ç.Hüseynzadə dedi ki, bu illər ərzində ölkəmizdə güclü olimpiya hərəkatı formalaşıb: “Olimpiya təkcə idman deyil, həm də idmanın təbliğatı deməkdir. Burada təhsil və incəsənət xüsusi yer tutur. Çox şadam ki, müsabiqənin qalibləri arasında azərbaycanlı fotoqraflar da var”.

    Sərginin açılışında çıxış edən mədəniyyət naziri Anar Kərimov Azərbaycan Milli Olimpiya Komitəsinin çox uğurlu, şərəfli yol keçdiyini vurğuladı: “Bu uğurlu yol ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev ümummilli liderin yolunu uğurla davam etdirir. Möhtərəm Prezidentimizin rəhbərliyi və davamlı qayğısı nəticəsində idmançılarımız bayrağımızı yüksəkliklərə qaldırıb və Azərbaycanı idman ölkəsi kimi tanıdıblar. Milli Olimpiya Komitəsinin mütərəqqi fəaliyyəti sayəsində ölkəmizdə idman növləri inkişaf etdirilib, idmançıların beynəlxalq yarışmalarda qazandığı qələbələr yeni nəsildə idmana böyük maraq oyadıb”.

    İdmanla mədəniyyətin biri-birini tamamladığını söyləyən Anar Kərimov qeyd etdi ki, idman bədəni möhkəmləndirir, mədəniyyət isə ruhu zənginləşdirir.

    Çıxışlardan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Müsabiqənin beyzbol və softbol kateqoriyasında Tetsu Çi-Çinqli (Tayvan), karate kateqoriyasında Gökhan Taner (Türkiyə), skeytbordinq üzrə Maks Danlap (ABŞ), qayalara dırmanma kateqoriyasında Culia Kasu (Fransa), sörfinqdə isə Ris Beyts (Avstraliya) birinci yerə layiq görülüblər.

    Bakıda keçirilən mükafatlandırma mərasiminə Türkiyə və Fransadan olan qalib fotoqraflar qatılmışdı. Ölkəmizdən Nəriman Babayev (“Gənc karateçilərin yarışın açılışında nümayiş etdirdikləri fənd hərəkətləri” fotosu) 3-cü yeri tutub. Həvəskar fotoqraf Bayram Musayev isə skeytbordinq kateqoriyasının finalçıları sırasında yer alıb.

    Daha sonra K.Cordani İtaliya Milli Olimpiya Akademiyasının “Culio Onesti” Fondunun xatirə hədiyyələrini Mədəniyyət Nazirliyinə və Azərbaycan Milli Olimpiya Komitəsinə təqdim etdi.

    Tədbir bədii hissəsində muğam və klassik musiqilərdən ibarət konsert oldu.

    Qeyd edək ki, “Run for Art” beynəlxalq fotomüsabiqəsi finalçılarının Beynəlxalq Muğam Mərkəzindəki sərgisi aprelin 16-dək ziyarətçilər üçün açıq olacaq.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR