Azadmedia.az - Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə bölgələrə səfər planı hazırlanıb. Plana uyğun olaraq, mədəniyyət naziri Anar Kərimov aprelin 14-də Quba rayonuna səfər edib.
Nazir Anar Kərimov və rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Quba şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçək dəstələri düzüblər.
Sonra mədəniyyət naziri və icra başçısı Quba rayon Heydər Əliyev Mərkəzinə gəliblər. Mərkəzin fəaliyyəti ilə tanışlıq zamanı bildirilib ki, dördmərtəbəli bina 2011-ci ildə inşa edilib. Mərkəz ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği işini həyata keçirir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var.
Anar Kərimov və Ziyəddin Əliyev Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinə gələrək burada yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, mərkəz 2015-ci ildə Quba rayon Mədəniyyət evinin bazasında yaradılıb. Mərkəzin tabeliyində fəaliyyət göstərən Yeni Güləzi Folklor klubunun "Bizim nənələr" folklor kollektivinin ifasında musiqi nömrəsi təqdim edilib. Mərkəz tərəfindən hazırlanmış "Quba – multikultural diyar" kitabının təqdimatı keçirilib. Həmçinin “Şuşa İli” münasibətilə "Şuşamı tərənnüm edirəm" adlı multikultural layihənin təqdimatı olub, folklor qrupunun çıxışı dinlənilib.
Qonaqlar Mədəniyyət Mərkəzinin foyesində “Bacarıqlı əllər” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə də tanış olub, "Gözəl Quba" ansamblının ifasında "Şuşanın dağları" mahnısının məşqini izləyiblər. "Art" yaradıcılıq studiyasının “Nizami Gəncəvi İli” münasibətilə dahi şairin “Sirlər xəzinəsi” poemasından "Kərpickəsən kişinin dastanı" hekayəti əsasında hazırladığı qısametrajlı film nümayiş etdirilib.
Mədəniyyət naziri daha sonra Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasına baş çəkib. Məlumat verilib ki, 1932-ci ildə yaradılan kitabxana bu il 90 illiyini qeyd edir.
Nazir Quba şəhər uşaq musiqi və incəsənət məktəblərinə baxış keçirərkən tədris ocaqlarının fəaliyyəti barədə ətraflı məlumat alıb, təhsilin keyfiyyətinin yüksəldilməsi, istedadlı uşaq və gənclərin dəstəklənməsinin əhəmiyyətini və vacibliyini diqqətə çatdırıb, bununla əlaqədar müvafiq göstərişlər verib.
Mədəniyyət naziri Qubada XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidələri olan Ərdəbil məscidi və Cümə məscidini də ziyarət edib. Nazirə məlumat verilib ki, Ərdəbil məscidi Cənubi Azərbaycanın Ərdəbil bölgəsindən buraya köçürülən ailələr tərəfindən XIX əsrdə tikilib. Quba Cümə məscidi zəngin memarlıq üslubu ilə seçilir. Məscidin daxildən hündürlüyü 18 m, ümumi sahəsi isə 360 kvadratmetrdir. Tikintisində istifadə olunan zığ kərpiclər rayonun İqriq kəndində hazırlanıb. Məscidin mehrab hissəsi Mədinə şəhərindəki məsciddə olduğu kimi işlənib. Tikilinin orta hissələrində sütunun olmaması memarın yüksək peşəkarlığından xəbər verir.
Nazir Anar Kərimovun Quba rayonuna səfəri davam edir.