Xalqımızın müstəqillik tarixinin başlanğıcı olan 1918-ci il may ayının 28-də yaranmış Şərqin ilk demokratik dövləti – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür. Ölkə Prezidentinin qanunvericilik təşəbbüsü ilə 2021-ci ilin oktyabrında qəbul olunmuş "Müstəqillik Günü haqqında" Qanunla dövlətçilik tariximizdə mühüm əhəmiyyətə malik olan müstəqilliyin əldə edilməsi və bərpası kimi əlamətdar günlərə onların mahiyyəti və məzmununa uyğun daha dəqiq qiymət verilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 28 May tarixini bu il ilk dəfə Müstəqillik Günü kimi qeyd edən xalqımız istiqlaliyyətimizin ildönümünü Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində Böyük Qələbə çalaraq ərazilərimizi azad etmiş qalib xalq kimi qarşılayır.
Dövlət başçısının rəhbərliyi ilə bu gün ölkəmiz müstəqillik illərinin ən qüdrətli və parlaq dövrünü yaşayır, ölkəmizin hərtərəfli davamlı tərəqqisi təmin olunur, vətəndaşların sosial rifahı yüksəlir, azad edilmiş doğma torpaqlarımız yenidən dirçəlir.
Ulu öndər Heydər Əliyevin humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, törətdiyi cinayət əməlindən peşmançılıq keçirən, azad cəmiyyətə qovuşmaq istəyən məhkumların müraciətləri nəzərə alınaraq bayram və əlamətdar günlərdə əfv və amnistiya aktları qəbul olunur.
Son 18 ildə dövlət başçısının imzaladığı əfv sərəncamları ilə 6.000-ə yaxın məhkum əhatə olunub. Hər zaman mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış edən respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ötən dövrdə 40 mindən çox insanı əhatə edən amnistiya aktları qəbul olunub.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə Zəfər Günü münasibətilə elan edilmiş amnistiya aktı 17 mindən çox şəxsə şamil olunmaqla minlərlə ailəyə böyük sevinc hissi bəxş edib.
Müstəqillik Günü ərəfəsində dövlət başçısının humanistliyinin əyani təzahürü olaraq növbəti Əfv Sərəncamı imzalanıb.
Cəmiyyətimizdə böyük rəğbətlə qarşılanan Əfv Sərəncamının icrası Ədliyyə Nazirliyi tərəfindən təxirəsalınmadan və mütəşəkkil qaydada təmin edilib.
Sərəncamın icrası Milli Məclisin deputatlarının, Ombudsmanın, Əfv Məsələləri Komissiyasının üzvlərinin, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki müxtəlif cəzaçəkmə müəssisələrində, habelə alternativ cəzaların icrasını təmin edən Probasiya Xidmətinin müvafiq yerli qurumlarında həyata keçirilib.
Ümumilikdə 213 nəfər məhkumla əhatə olunan Sərəncamla 168 nəfər, o cümlədən 1 nəfər ömürlük azadlıqdan məhrumetmə cəzasından azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Probasiya qurumlarında isə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş 6 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilmiş elektron nəzarət vasitələri dərhal çıxarılıb, həmçinin şərti məhkum olunmuş 3 nəfər cəzadan azad olunub. Həmin şəxslərin ölkədən getmək hüquqlarına qoyulmuş müvəqqəti məhdudiyyət götürülərək onlar Probasiya Xidmətinin qeydiyyatından çıxarılıblar.
Əfv Sərəncamının icrası ilə bağlı keçirilən mərasimlərdə çıxış edənlər Müstəqillik Günü münasibətilə məhkumlara və onların ailə üzvlərinə təbriklərini ifadə edib, bu humanist aktın mahiyyətini və əhəmiyyətini diqqətə çatdırıblar.
Azadlığa çıxan şəxslər və onları qarşılamağa gələn ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə və əlamətdar bayram ərəfəsində əfv olunmalarına görə dövlətimizin başçısı İlham Əliyevə və respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirlərdə əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarına, azad cəmiyyətə qovuşaraq sürətlə inkişaf edən və dünyada günbəgün nüfuzu artan Azərbaycanın layiqli vətəndaşları olacaqlarına əminlik ifadə edilib.