AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropada təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm də tərəfdaşlarımız üçün zəruridir

  • + A
  • - A
  • 3-06-2022, 18:11

    Avropada təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm də tərəfdaşlarımız üçün zəruridir

    Məşhur Məmmədov
    Milli Məclisin deputatı

    Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində çıxışı bir daha sübut etdi ki, bu gün Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkədir.

    Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və get-gedə daha çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Xəzər Neft və Qaz Sərgisi təşkil edilməsi sərmayələrin diqqətini cəlb etmək baxımından əhəmiyyətli idi. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu göstərə bilib.

    Ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkənin tələbatını təmin etdi. Eyni zamanda, ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. İndi bu kəmər və digər ixrac kəmərləri fasilə olmadan istismar edilir.

    Hazırda beynəlxalq əməkdaşlıq məkanına çevrilmiş Xəzər hövzəsi malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji layihələrinin reallaşdırıldığı mərkəzə çevrilib. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan illər öncə “Əsrin müqaviləsi”ni imzalamaqla Xəzər dənizini xarici sərmayələrə açıb və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edib. Həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırılmışdısa, Cənub qaz dəhlizi layihəsi XXI əsrin ən iri enerji layihəsidir.

    Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm də tərəfdaşlarımız üçün zəruridir. Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Layihə “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Cəmi bir il beş aydır ki, Azərbaycan yeni müasir infrastrukturdan qaz ehtiyatlarının nəqlində istifadə edir. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq.

    2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı.

    “Şahdəniz-2”, TANAP və TAP Azərbaycan üçün nadir və əvəzolunmaz layihələrdir və uzun illər, onilliklər bundan sonra bizim milli maraqlarımızı, iqtisadi və siyasi maraqlarımızı təmin edəcək. Azərbaycan beynəlxalq əməkdaşlıq məsələlərində olduğu kimi, bu layihələrdə də liderliyi öz üzərinə götürüb.

    Azərbaycandan Türkiyəyə Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə kəmər işə salınandan (2018-ci ilin iyun ayının 30-dan) indiyədək 10 mlrd. kubmetrdən artıq qaz çatdırılıb.

    İlk çatdırılma ilində (30 iyun 2018 - 30 iyun 2019) kəmər vasitəsilə Türkiyə üçün 2 mlrd. kubmetr, ikinci il (30 iyun 2019 - 30 iyun 2020) 4 mlrd. kubmetr qaz nəql edilib, üçüncü ildə isə (30 iyun 2020 - 30 iyun 2021) bu göstərici 6 mlrd. kubmetrə çatıb. Gələcək illərdə bu kəmərlə Türkiyəyə ildə 6 mlrd. kubmetr həcmində Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında hasil edilən qazın nəqli davam etdiriləcək.

    Ötən ilin iyunun 30-na bu göstərici 12 mlrd. kubmetrə çatıb. TANAP-ın bu günə olan ötürmə qabiliyyəti 16 mlrd. kubmetrdir (qazın 6 mlrd. kubmetri Türkiyə, 10 mlrd. kubmetri isə Avropa üçün nəzərdə tutulub - red.). Kəmərin ötürmə gücü gələcəkdə 31 mlrd. kubmetrədək artırıla bilər.

    TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır.

    Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu çox böyükdür. Avropanın enerji suverenliyi məsələsi xüsusilə son illər əhəmiyyətli dərəcədə qabardılır. “Köhnə kontinent” enerji istehlakı kanallarının diversifasiyası istiqamətində sistemli şəkildə iş aparır. Azərbaycan qazının Avropa istehlakçısına çatdırılmasına da bu strategiyanın tərkib hissəsi kimi baxıla bilər. Ona görə bu layihənin Avropa üçün, hətta deyərdim ki, qlobal müstəvidə əhəmiyyəti danılmazdır. Ölkəmizə verilən önəm isə təkcə karbohidrogen ehtiyyatları ilə bağlı deyil. Belə ki, Avropaya qaz başqa yerlərdən də çatdırıla bilər. Bu ilk növbədə Azərbaycanın etibarlı tərəfdaş statusu ilə bağlıdır və ona verilən önəmin göstəricisidir.

    Xarici ticarət əlaqələrinin genişlənməsinə “Cənub Qaz Dəhlizi”nin tamamlanması böyük töhfə olacaq. Cənub Qaz Dəhlizinin icrası zamanı Azərbaycan boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Cənub Qaz Dəhlizin Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən illik toplantısı həmin komanda işinin bariz nümunəsidir. Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı keçirildiyi zaman bəlli oldu ki, planlarımızın ən böyük hissəsi artıq icra olunub və Cənub Qaz Dəhlizi artıq işləyir.

    Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur. Komissiya “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasında da mühüm rol oynayacaq. Bununla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir.

    Enerji layihələri daxili inkişafımız üçün də çox əhəmiyyətlidir. Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir. Neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilir. Bu ilin yanvar-aprel ayları ərzində ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olub.

    Müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Bu dövrdə ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin etmişdir. Son 18 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyümüş, güclü sosial-iqtisadi infrastruktur yaradılmış, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli azalmışdır. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənmişdir.

    Məqaləni hazırlayarkən Türkiyə mətbuatında iqtisadiyyatla bağlı xəbərlərə göz gəzdirdim. 2020-ci ilin dekabr ayında Azərbaycandan Türkiyəyə 1 102 milyon kubmetr təbii qaz ixrac edilib.

    Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında bildirilir.

    Artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilmişdir. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaratmışdır.

    Bir sözlə, əvvəlki illərdə aparılmış islahatlar hesabına ölkənin sosial-iqtisadi potensialı artmış, iqtisadiyyatın xarici təsirlərə dözümlülüyü yaxşılaşmışdır. Bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR