AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Psixoloq Aydan Məmmədova: “Mütaliə zehni inkişafla bərabər, biblioterapiyada müsbət rol oynayır” - Reportaj

  • + A
  • - A
  • 12-06-2022, 20:25

    Psixoloq Aydan Məmmədova: “Mütaliə zehni inkişafla bərabər, biblioterapiyada müsbət rol oynayır” - Reportaj
    Aydan Məmmədova
    Viqas Quba PNİM-nin əməkdaşı



    Yaşadığımız dövrün texnologiya dövrü olduğunu nəzərə alsaq demək olar ki, əksər insanlarda kitab oxumaq alışqanlığı mövcud deyildir. Halbuki mütaliə zehni inkişafı artırır, hətda psixoloji təsirlərdə belə (biblioterapiya) müsbət rol oynayır. Bu fikirləri Azadmedia.az-a açıqlamasında Psixoloq Aydan Məmmədova bildirib.



    Övladımıza kitabları necə sevdirməli?

    "Təsvirolunmaz duyğulardandır kitab sevgisi. Dünyadan uzaqda da bir dünyanın mövcud olduğunu öyrədər sənə bir kitab. Bircə anın içində səni dünyanın ən xoşbəxti edər bəzən ağladar, bəzən güldürər, lakin heç vaxt səni tərk etməz bir kitab. Ona görə yox ki, o cansızdır, ona görə ki, oxuduğun hər cümlə qanına hopar və əbədi olaraq unudulmaz olar bir kitab. Ən yaxınlarından belə yaxın olar sənə bir kitab. Kitab oxuyan insanlar necə də xoşbəxtdirlər, bu xoşbəxtliyi onlara bir kitab yaşadar. Hər kəs kitab qoxusu duymaz, duyanlar isə dünyadaykən cənnət qoxusuna qovuşar. Beləliklə, vərəqlərinin xışıltısı isə Məcnuna çevirər bir kitab aşiqini. "


    Əvvəla qeyd edim ki, mən bir kitab aşiqiyəm və bu sətirləri insanları maarifləndirmək üçün yaratdığım kitab blogumda qeyd etmişəm. Həqiqətən də, kitab sevgisi gözəl bir duyğudur. Yaşadığımız dövrün texnologiya dövrü olduğunu nəzərə alsaq demək olar ki, əksər insanlarda kitab oxumaq alışqanlığı mövcud deyildir. Halbuki mütaliə zehni inkişafı artırır, hətda psixoloji təsirlərdə belə (biblioterapiya) müsbət rol oynayır. Fikrimcə, insanlarda mütaliəyə marağı artırmaq üçün güclü maarifləndirmə həyata keçirilməli, ən ucqar ərazilərimizdə belə kitabxanaların sayı artırılmalıdır.

    Bəs kitab sevgisini necə aşılamaq olar? Deyərdimki bu vərdiş uşaqlıqdan formalaşdırılsa yaxşı olardı. O zaman ikinci bir sual ortaya çıxır. Bəs uşaqlara kitabları necə sevdirmək olar?


    Uşaqların inkişafında mütaliə zəruri amillərdəndir. İlk növbədə, psixologiya sahəsində hər kəsə məlum olan Con Lokkun "Ağ Lövhə" nəzəriyyəsindən bəhs etmək istəyirəm. Məşhur ingilis maarifçilərindən olan Con Lokk öz ideyalarını "Tərbiyə haqqında fikirlər" (1693) əsərində vermişdir. C.Lokk'un fikrincə uşaq dünyaya "Ağ Lövhə" kimi gəlir, onu nə cür yazmağımız öncə valideyn, daha sonra isə ətraf mühitdən asılıdır. Burada valideyn amilini xüsusilə vurğulamaq və diqqətinizə çatdırmaq istəyirəm ki, bir uşaqda hansısa müsbət (yaxud mənfi) bir vərdiş yaratmaq üçün valideyn iştirakı zəruri amillərdəndir.

    Əziz valideynlər, əgər övladınızda kitab oxumaq vərdişini yaratmaq istəyirsinizsə, buna kiçik yaşlarda başlamanız daha məqbul sayılır. Körpəlikdən başlayaraq şəkilli kitablar (meyvələr, heyvanlar, rənglərin və s. öyrədilməsi), ana dilində söz ehtiyatını artıran və s. kitablar uşaqlarda ilk kitaba addımda, o cümlədən xəyal dünyasına yol açmağa, duyğu və emosiyalarının inkişafına səbəb olur.

    Eləcə də, ailə üzvlərinin mütəmadi olaraq kitab oxuması uşaq üçün bir stimuldur. Əslində, uşaqlarda kitaba sevgini və mütaliəyə marağı artırmağın bir çox üsulu vardır. Valideynlər övladlarına hər gecə yatmazdan əvvəl oxuduğu nağıllarla bu vərdişi aşılaya və yarada bilərlər. Hər gün 15 - 20 dəqiqə maraqlı hekayə oxumaq uşaqlara kitab sevgisi aşılayır. Həftədə bir yaxud iki dəfə "Kitab Saatı" təşkil edərək, övladlarınızla bir yerdə kitab oxuya bilərsiniz. Valideynlərinin kitaba sevgisini görən uşaq kitabı sevəcək və onu həvəslə oxuyacaq.

    Övladlarınızı kitab muzeyinə, kitab alış-verişinə yaxud kitabxanaya apararaq kitaba həvəslərini artıra bilərsiniz. Qeyd edim ki, əlamətdar günlərdə uşaqlarınıza aldığınız kitablar onlar üçün unudulmaz hədiyyələr siyahısına düşə bilər.

    Onu da nəzərə almalıyıq ki, uşağa kitab alarkən onun yaş xüsusiyyətlərini nəzərə almalı, seçiminə hörmətlə yanaşmalıyıq. (Qeyd etdiyim kimi yaşa uyğun faktoru nəzərə alınaraq). Kitaba marağı artırmaq üçün ilk öncələr qalın kitablardan qaçınmalı, nazik kitablara üstünlük verilməlidir. Evdə olan kitab guşəsi də övladınızda kitaba həvəsi artıracaq. Salonda yaxud uşağın otağında kitab rəfi təşkil edin, hər dəfə aldığınız kitabları ora yerləşdirsəniz bu uşaqda maraq və onlara qarşı diqqət yaradacaq.

    Əziz Valideynlər, mütaliənin uşaqların inkişafında vacib amillərdən olduğunu unutmayaq. Əgər kitab oxumağı zərurət, gündəlik məşğuliyyət halına çevirsək əlbəttə ki, övladımıza təsirsiz ötüşməyəcək. Uğurlu, parlaq bir gələcək üçün elə bu gün birgə kitab oxumağa başlayaq. Hər birinizə xoş mütaliələr.

    Reportajı hazırladı: Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR