AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qlobal Bakı Forumu göstərdi ki, Azərbaycan hər zaman qlobal xarakterli mövzuların müzakirəsində ciddi fəallıq göstərir

  • + A
  • - A
  • 20-06-2022, 17:26

    Qlobal Bakı Forumu göstərdi ki, Azərbaycan hər zaman qlobal xarakterli mövzuların müzakirəsində ciddi fəallıq göstərir

    Rövşən Əhmədov,
    YAP Ağcabədi rayon təşkilatının sədri

    Bu günlərdə Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi etməklə bütün dünyanın diqqətini özünə yönəltməyi bacardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə öz işinə başlayan Qlobal Bakı Forumu bir daha sübut etdi ki, Azərbaycan iqtisadi, siyasi və humanitar mərkəzə çevrilib. Ölkənin beynəlxalq münasibətlər sistemində artan rolu və nüfuzu IX Qlobal Bakı Forumu ilə özünü bir daha təsdiq etdi.
    “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən növbəti IX Qlobal Bakı Forumu həm müzakirəyə çıxarılan məsələnin aktuallığı, həm də iştirakçıların say və tərkibi baxımından zənginliyi ilə diqqət mərkəzindədir. IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etməsi bütün bunları bir daha təsdiq edir.
    IX Qlobal Bakı Forumu digər beynəlxalq forumlardan miqyasına və məzmun genişliyinə görə ciddi şəkildə fərqlənir. Hətta bu Forumu nüfuzlu Davos və Münhen kimi Forumlarla da müqayisə edirlər. Bu gün Bakının ev sahinliyi etdiyi Qlobal Forum adlarını çəkdiyiniz platformalardan daha böyük sahələri əhatə edir. Daha dəqiq desək, Davos Forumu sırf iqtisadi və ya Münhen Forumu sırf təhlükəsizlik məsələlərini özündə ehtiva edirsə, Bakı Qlobal Forumu bu mənada daha universal və daha əhatəlidir. Yəni bu forum beynəlxalq gündəmdə olan bütün siyasi, iqtisadi, humanitar və digər mövzulara açıqdır. Bu forumda Albaniya, Bolqarıstan, Gürcüstan və s. ölkələrin fəaliyyətdə olan rəhbərləri, çoxsaylı dövlətlərin keçmiş rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, aparıcı ekspertlər, habelə, Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının rəhbərləri iştirak edir. Eyni zamanda, bir sıra dövlət başçıları Foruma müraciət ünvanlayıblar. Bu isə ondan xəbər verir ki, Azərbaycan, hər zaman olduğu kimi, yenə də qlobal xarakterli mövzuların, məsələlərin müzakirəsini təşkil edir, bu istiqamətdə yetərincə ciddi fəallıq göstərir, öz ev sahibliyi, təşkilatçılığı, təşəbbüskarlığı ilə beynəlxalq siyasətə növbəti tohfələr verir.
    Azərbaycanın bu forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərə çarpan artım ölkəmizə olan diqqət və marağın, dövlət başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi qeyd edilir. IX Qlobal Bakı Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək qloballaşan dünyanın mövcud problemlərinə, təhlükəsizlik və dünyanı gözləyən qida böhranı məsələlərinə xüsusi diqqət ayırıb. "Əminəm ki, Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək" - söyləyən cənab Prezident məsələlərə yeni yanaşmanın vacibliyini və zəruriliyini önə çəkib.
    Təhlükəsizlik məsələlərinin beynəlxalq gündəlikdə əsas məsələlərdən birinə çevrildiyini bildirən Prezident İlham Əliyev hər bir ölkənin bu prosesə öz töhvəsini verməli olduğunu diqqətə çatdırıb və vurğulayıb ki, “Biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq.”
    Çıxışında cənab Prezident Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası işləri ilə bağlı hazırkı vəziyyət barəsində məlumat verib və regionda kommunikasiyaların bərpasının, xüsusilə də Zəngəzur dəhlizinin açılmasının gələcək regional sülhün fundumental elementlərindən olduğunu bildirib. “Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayıb və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq” fikirlərini söyləyən ölkə başçısı Azərbaycanın müharibədə qalib gəldiyini, eyni zamanda işğaldan əziyyət çəkmiş ölkə kimi bunu tələb etməyə böyük mənəvi haqqı olduğunu bəyan edib.
    Çıxışında Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə fərziyyələrə də münasibət bildirib və bu qurumun fəaliyyətinin artıq tarixin arxivində qaldığını vurğulayıb: "Bu qurumun həyata keçirməli olduğu işləri Azərbaycan özü həll edib və yalnız boş vədlər verən və lüzumsuz səfərlər edən bu beynəlxalq quruma artıq heç bir ehtiyac qalmayıb".
    Bir sözlə, dünya düzəninin pozulduğu indiki vaxtda Bakıda keçirilən bu mötəbər tədbir böyük əhəmiyyət kəsb edir. Ən əsası, Azərbaycan qalib ölkə kimi beynəlxalq məsələləri gündəmə gətirir, üstəlik, onun həlli yollarını göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR