Azadmedia.az - 08 sentyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Sığdaş ərazisində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqal və ziyalılar iştirak etmişdir.
Qəbul başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamladı və səyyar görüş qəbulunu açıq elan etdikdən sonra Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afəddin Kərimov rayon rəhbərinin bir ay öncə ərazi sakinləri ilə görüş zamanı onların etdikləri müraciətlərin həlli ilə bağlı məlumat verdi.
Səyyar-görüş qəbulda çıxış edən vətəndaşlardan Şahmarov Şirvan Nadir oğlu, İbadov Hidayət Müslüm oğlu, Məcidov Sail Əzim oğlu, Nuriyev Əyyar Ağarəşid oğlu, Zərbiyev Cavad Mədət oğlu, Həsənov Canəli Xanəli oğlu, Məhərrəmov Şahin Fərəməz oğlu, Nəhmətov Zeynal Nəhmət oğlu, Tağıyev Mirabbas Mirhüseyn oğlu, Cəfərov Hümmət Hacıəli oğlu, Əliyev Qəni Davud oğlu və başqaları 14 məsələ ilə bağlı - mövcud olan qəzalı elektrik dirəklərinin dəyişdirilməsi, içməli su məsələsi, taxıl əkini və payıbəlli torpaqlarla bağlı, Ninəlov mərkəzi yolunun asfaltlanmasına kömək göstərilməsi, məktəblilər üçün nəqliyyatın ayrılması, Xanalion kəndində giriş qapısının, Şəhidlər bulağının tikintisi və digər təxirəsalınmaz sosial məsələlər barədə müraciətlər etmiş, Ninəlov kəndinə qaz xəttinin çəkilişinə görə minnətdarlıq bildirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən 4-ü dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.
Ülkər Piriyeva