Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 16 sentyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulunu keçirmişdir.
Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, növbəti qəbulda Masallı şəhər, Boradigah və Ərkivan qəsəbə, Təzəkənd, Çaxırlı, Xırmandalı, Həsənli, Qızılağac, Göyəçöl, Güllütəpə, Qarğalıq və digər kəndlərindən 73 nəfərdən çox vətəndaş müraciət etmişdir. Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilmiş, qeydiyyatı aparılmışdır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən 37-i dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.