Lənkəran Şəhər İH başçısıTaleh Qaraşov şəhidlərimiz Romir Əliyev, Samir Allahverdiyev, Zaur Ağalı və Emin Muradovun məzarlarını ziyarət edib.
Azadmedia.az - Vətən müharibəsi zamanı milli birlik və həmrəylik nümayiş etdirən xalqımız, torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn övladlarının dəfn olunmasında da eyni mətanəti, vüqarlı duruşu və birliyi nümayiş etdirdi. Şəhidlərimizin əbədiyyətə qovuşmasının 2-ci il dönümləri sentyabrın 27-dən başlayaraq Lənkəranda qeyd olunur.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra aparatının rəsmi şəxslərinin, şəhid ailələrinin və yerli insanların iştirakı ilə oktyabrın 22-də rayon ərazisində dəfn edilən şəhidlərimiz Əliyev Romir, Allahverdiyev Samir, Ağalı Zaur və Muradov Eminin məzarları ziyarət olunub, qəbirləri üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar edilib.
Taleh Qaraşov Aşağı Nüvədi, İstisu qəsəbələri, Şiləvar və Biləsər kəndlərinin qəbiristanlıqlarındakı bütün şəhidlərimizin məzarlarını ayrı-ayrılıqda ziyarət edib. Icra başçısı şəhid ailələrinin üzvləri ilə söhbət edib və qayğıları ilə maraqlanıb. Taleh Qaraşov deyib ki, qəhrəman əsgər və zabitlərimizin şücaəti, cəsurluğu, vətənpərvərliyi və əzmi sayəsində xalqın ləyaqəti, milli qüruru bərpa edilib. Onun sözlərinə görə, qalib xalq kimi vüqarlı, məğrur, başı dik və alnı açıq şəkildə məhz şəhidlərin, qazilərin və müharibə veteranlarının sayəsində azad etdiyimiz torpaqlarda əbədi yaşayacağıq. Qarabağdakı quruculuq və bərpa işləri barədə danışan Taleh Qaraşov bildirib ki, həyata keçirilən bütün layihələr dövlətimizin daxili imkanları hesabına həyata keçirilir: ”Şəhidlərimizin qanı nəticəsində azad olunan Qarabağa artıq yeni nəfəs gəlib, “Böyük Qayıdış”a start verilib, qısa müddət ərzində iki beynəlxalq hava limanı açılıb. Bütün bunlar uğurlu siyasət, hakimiyyət və xalq birliyinin təzahürüdür”.
Şəhid ailələri də göstərilən diqqətə və qayğıya görə istənilən problemlərinin həlli üçün icra başçısı ilə birbaşa, maneəsiz əlaqə yarada bildikləri üçün Taleh Qaraşova minnətdarlıqlarını bildiriblər.
Şəhidimiz R. Əliyev döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə, cənab Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, S. Allahverdiyev ölümündən sonra dövlət başçımızın müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Z. Ağalı da Ali Baş Komandanın sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına laiq görülüb.
Şəhidimiz E.Muradov torpaqlarımızın azad olunmasında iştiraka və göstərdiyi şücaətə görə ölümündən sonra dövlətimizin başçısı tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Ülkər Piriyeva