Azadmedia.az - Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Şuşa ili” və “8 noyabr-Zəfər Günü” münasibətilə “Şuşa – Qafqazın sənət məbədi” layihəsi çərçivəsində tələbələr arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual yarış keçirilib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İntellektual yarışda Masallı Dövlət Regional Kollecinin tələbələrindən ibarət 6 komandanın tərkibində 36 nəfər iştirak edib.
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadənin moderatorluğu ilə davam edən yarışda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, mədəniyyətimizin paytaxtı Şuşa şəhəri, hərb tariximiz, döyüş sənəti, məntiq və qəhrəmanlarımızla bağlı müxtəlif sahələri əhatə edən suallar səsləndirilib.
Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Masallı Dövlət Regional Kollecinin tərbiyə üzrə direktor müavini Dilarə Hüseynova və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyevadan ibarət münsiflər heyəti cavabları qiymətləndirib.
Nəticələrə əsasən, Masallı Dövlət Regional Kollecinin “Zirvə” komandası qalib olub.
Tədbirin sonunda intellektual bilik yarışının bütün komandalarına yarışda fəal iştiraklarına görə “Təşəkkürnamə”lər təqdim olunub. Qalib komanda isə “Fəxri Fərman”la təltif edilib.