04 noyabr, 2022-ci il tarixdə Kənd Təsərrüfatı nazirliyinin Bitki mühafizə və Texniki bitkilər ETİ-da “8 noyabr xalqımızın Zəfər bayramı günü”dür adlı bayram tədbiri keçirilib.
Azadmedia.az xəbər verir ki, “8 noyabr xalqımızın Zəfər bayramı günü” adlı bayram tədbirində Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, qardaş Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Zeki Öztürk, Kənd Təsərrüfatı nazirliyinin Bitki mühafizə və Texniki bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, İcra hakimiyyətinin məsul işçiləri, müxtəlif idarə və təşkilatların rəhbərləri və media nümayəndələri iştirak ediblər.
Belə ki, Azərbaycan və Türkiyə Dövlət Himnlərinin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsindən bəhs edib. O, həmçinin bildirib ki, qəhrəman Azərbaycan xalqı öz liderinin – ətrafında dəmir yumruq kimi birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi.
Kənd Təsərrüfatı nazirliyinin Bitki mühafizə və Texniki bitkilər ETİ-nun direktoru İbrahim Cəfərov qeyd edib ki, Xalqımızın ulu öndəri Heydər Əliyevin mütərəqqi siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, Rəşadətli Ordumuzun mətinliyi sayəsində Azərbaycan dövləti 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü bərpa etdi. O vurğulayıb ki, Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərlə bugün dünyanın hər bir nöqtəsində olan azərbaycanlı qürur duyur. İ. Cəfərov, eyni zamanda, Türkiyə Cümhuriyyətinin son illər keçdiyi inkişaf yolundan, 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq dəstəyindən danışıb.
Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk çıxışında Azərbaycan və Türkiyə arasında olan tarixi dostluq, qardaşlıq münasibətlərindən söz açıb. Baş konsul həmçinin, "Türkiyə bugün dünyanın siyasi xəritəsində mühüm yer tutur. Qardaş ölkələr arasındakı əlaqələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Erdoğanın qardaşlıq və dostluq münasibətləri əsasında gündən-günə daha da inkişaf edir və biz bundan məmnunluq duyuruq," - deyə bildirib.
Bayram tədbiri yüksək əhval ruhiyyədə davam edib. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Yaşasın Ali Baş Komandan!
Yaşasın Azərbaycan Ordusu!