Deputat Məşhur Məmmədov və həmkarları Masallı rayon Ağakişibəyli kənd şəhidi polkovnik-leytenant Ramiz Cəfərovun ailəsi ilə görüşüblər.
Azadmedia.az xəbər verir ki, Ağakişibəyli kənd Şəhidi polkovnik-leytenant Ramiz Cəfərovun ailəsi ilə görüşdə Milli Məclisin deputatları Məşhur Məmmədov, Musa Qasımlı, Anar İsgəndərov, M. Məmmədovun köməkçiləri Əli Nağıyev, Hekayət Nəzərov və Rəmzi Şahverdiyev iştirak ediblər.
Deputat M. Məmmədov və həmkarları tərəfindən Şəhid ailəsinə başsağlığı bildirilib, şəhidin ruhu hüznlə yad edilib.
Deputat M. Məmmədov “Qartal” ləqəbli Şuşa fatehi, Şəhid Ramiz Cəfərovun qəhrəmanlığından bəhs edərək, vurğulayıb ki, Vətən müharibəsində qəhrəmanlığı ilə Azərbaycanın adını tarixə yazan hərbçilərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovnik-leytenantı Ramiz Cəfərovdur.
Deputat həmçinin, “II Qarabağ-Vətən müharibəsində Azərbaycan xalqının vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığını” bildirib.
Şəhidin qardaşı Rasim Cəfərov
qeyd edib ki, qardaşı Ramiz azad olunan bir çox yerlərdə - Füzulidə, Hadrutda, Cəbrayılda, Qubadlıda, Zəngilanda və sonda Şuşada döyüşüb. O bildirib ki, qardaşı hər rayon azad olunduqca sevinirdi ki, zəhmətimiz yerdə qalmadı, biz qazandıq.
Bəli, Ramizin qəhrəmanlıqları çoxdur. Şuşaya qalxmaq özü bir qəhrəmanlıqdır. Hər adam ora gedib çıxa bilməzdi. Şuşanı görməyi çox istəyirdi, bu da ona nəsib oldu.”
Allah Masallı rayonu Ağakişibəyli kənd Şəhidi polkovnik-leytenant Ramiz Cəfərov başda olmaqla bütün şəhidlərimizə rəhmət eləsin!
Ülkər Piriyeva