Taleh Qaraşov Vətən müharibəsi şəhidimiz Ülfət Babazadənin məzarını ziyarət edib.
Azadmedia.az xəbər verir ki, noyabrın 20-də Vətən müharibəsi şəhidimiz Babazadə Ülfət Qabil oğlu anım günündə Daşdatük kənd qəbiristanlığındakı məzarı başında anılıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul şəxsləri, şəhid ailələrin üzvləri və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə şəhidimizin məzarı ziyarət olunub, qəbri üzərinə tər güllər düzülüb və ruhuna dualar edilib. İcra başçısı şəhidimizin ailə üzvləri ilə yaxından maraqlanıb və onların qayğılarını dinləyib. Taleh Qaraşov qeyd edib ki, 30 illik torpaq həsrətinə son qoyan, ərazi bütövlüyümüzü təmin edən və suveren hüquqlarımızı bərpa edən şəhidlərimizin xatirəsinin əziz tutulması dövlətin ali siyasi rəhbərliyinin birbaşa nəzarətindədir:”Çox sevindiricidir ki, lənkəranlılar bu məsələyə xüsusi həssaslıq göstərirlər”. Onun sözlərinə görə, yerli insanların şəhid valideynlərinin yanında olması təqdirəlayiq haldır, çünki el-obadan alınan güc insanı təsəlli edir və yalnız olmadığı hissini verir. Taleh Qaraşov dövlətə və dövlətçiliyə sadiq olan lənkəranlıların Vətən müharibəsindəki iştirakının ali siyasi rəhbərlik tərəfindən yüksək dəyərləndirildiyini xüsusi olaraq vurğulayıb. Onun sözlərinə görə, Ali Baş Komandanın müvafiq sərəncamları ilə lənkəranlılardan 23 nəfəri ordenlə, 1879 nəfəri isə medallarla təltif olunublar.
Şəhid atası Qabil Babayev ölkə başçısının Vətən müharibəsindən 2 il müddət keçməsinə baxmayaraq, şəhidlərimizin laiq olduqları medal və ordenlərinin verilməsinə həssaslıqla yanaşmasının minnətdarlıqla qarşılandığını qeyd edib. Bildirilib ki, şəhid valideynləri üçün medal və ordenlərin alınması mənəvi təsəllidir. Şəhidlərin adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin şəhid ailələri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayan şəhid atası onlara minnətdar olduqlarını söyləyib.
Qeyd edək ki, torpaqlarımızın azadlığı uğrunda göstərdiyi qəhrəmanlıqlara görə dövlətimizin başçısının müvafiq sərəncamları ilə Ü.Babazadə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.