Azadmedia.az -
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclası çərçivəsində İsveç Krallığının xarici işlər naziri Tobias Billström ilə görüşüb.
Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda və dünyada baş verən hadisələr müzakirə olunub.
Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edib. İsveçin 2023-cü ildə Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi çərçivəsində Azərbaycanla Aİ arasında əməkdaşlığın, əldə olunmuş razılıqlar üzrə birgə işlərin uğurla həyata keçiriləcəyinə əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov, həmçinin 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, post-münaqişə mərhələsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində fəaliyyəti və bölgədə apardığı bərpa-quruculuq işləri haqqında həmkarını ətraflı məlumatlandırıb. Bununla yanaşı, Ermənistanın danışıqlar prosesi çərçivəsində yaratdığı maneələr, əldə olunmuş razılıqlar üzrə öhdəliklərini pozması və mina təhdidləri daxil bir sıra istiqamətlərdə törətdiyi təxribatlar barədə qarşı tərəfə məlumat verilib.
Nazir Tobias Billström Azərbaycan və İsveç arasında müxtəlif sahələrdə mövcud münasibətlərin inkişafı üçün potensialın olduğunu ifadə edib. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş birgə tədbirlərin keçirilməsinin əməkdaşlığa töhfə verdiyi məmnunluqla bildirilib. Siyasi səviyyədə dialoqun davam etdirilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.