Lənkəranda Şəhid Baloğlan Əhədlinin ailəsinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub.
Qəhrəmanlıq salnaməmiz olan II Qarabağ müharibəsindən iki il ötməsinə baxmayaraq Vətən uğrunda canından keçən, şücaət göstərən hər bir övladırımızın laiqincə qiymətləndirilməsi davam edir. Torpaqlarımızın azadlığı uğrunda mübarizədə zəhməti olan hər kəsin qiymətləndirilməsi dövlətimizin başçısının şəxsi nəzarətindədir.
Azadmedia.az xəbər verir ki,
Lənkəranın ucqar dağ kəndi olan Gəgiranda anadan olmuş şəhidimiz Əhədli Baloğlan Şakir oğlu da torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaət və qəhrəmanlığına görə Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə qiymətləndirilib.
Yanvarın 10-da şəhidimizin doğum günündə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni onun vaxılə yaşadığı doğma ocağında atasına təqdim edilib. Təqdimetmə mərasimində Lənkəran ŞİH-nin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhər şöbəsinin əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Şəhidimizin ev muzeyi və Gəgiran kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, önünə güllər düzülüb, şəhidlərimizin ruhlarına dualar oxunub.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ramal Baxşızadə şəhidimizin keçdiyi qəhrəman döyüş yolundan danışıb və bildirib ki, Baloğlan kimi igid övladlarımızın sayəsində bu gün qalib xalq kimi qürurla yaşayırıq. R.Baxşızadə qeyd edib ki, dövlətimiz və xalqımız var olduqca şəhidlərimizin xatirəsinin daim əziz tutulması davam edəcək, bu istiqamətdə Lənkəran ŞİH də hər zaman şəhid ailələrinin yanındadır.
Şəhid atası Şakir Əhədov övlad itkisinin çətinliyindən danışaraq bildirib ki, ağrı və acılarına rayon rəhbərliyinin, el-obasının şərik olması, daim yanlarında olaraq qayğı və istəkləri ilə maraqlanması onların özlərini tənha hiss etməmələrinin əsas səbəblərindəndir. Ş.Əhədov müharibənin bitməsindən 2 il ötsə də, Ali Baş Komandanın Vətən müharibəsində xidməti olan hər kəsin haqqının laiqincə verilməsinə xüsusi önəm göstərdiyini vurğulayıb. Şəhid atası dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman qayğı və diqqətini hiss etdiklərini, şəhid ailələrinə xüsusi ehtiram və hörmətlə yanaşdıqlarını qeyd edib və bütün bunlara görə hər birinə minnətdar olduğunu deyib.
Qeyd edək ki, şəhidimiz B. Əhədli cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.