Masallıda gənc könüllülər üçün sosial sahibkarlıq çempionatı layihəsinə start verilib.
Azadmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” qrant müsabiqəsinin qalibi olan “Gənc könüllülər arasında sosial sahibkarlıq çempionatı” layihəsi Masallı gəncləri üçün açılış tədbiri və ilk təlimi keçirilib.
Layihə rəhbəri Rafət Şirəliyev iştirakçılara layihə haqqında ətraflı məlumat verib, Gənclər Fondunun gənclər üçün yaratdığı imkanlardan bəhs edib. O qeyd etmişdir ki, 3 aylıq icra edilən layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşir. Əsas məqsədi regionda yaşayan gənc könüllülər arasında sosial sahibkarlığın təşviqi və onları öz işini qurmağa həvəsləndirməkdir.
Tədbirin açılış mərasimində Masallı rayonun Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı “Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Fuad Mensimov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin direktoru Aynur M. Tağısoy və icra edilən layihənin eksperti Nemet Eliyev çıxış etmiş. Gənclər həftəsində belə bir layihənin gənclər üçün təşkilinin vacib olduğunu qeyd ediblər.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin təşkilati dəstəyi ilə həyata keçirilən ilk təlimdə 26 gənc iştirak edib. İştirakçılar Masallı rayonunda fəaliyyət göstərən 6 müxtəlif dövlət və özəl qurumların könüllüləridir.
Layihənin ilk təlim günündə gənclər üçün sosial sahibkarlıq ideyalarının müəyyən edilməsi, ideyaların təhlili və qiymətləndirilməsi üzrə komanda çalışmaları və təqdimatlar həyata keçirilib.
Ülkər Piriyeva