Əvvəllər Baş Prokurorluqla media arasında sanki dəmir hasar vardı, jurnalistlər baş verən hadisələrə operativ münasibət öyrənməyi yalnız şəxi əlaqələrinə güvənərək əldə etməyə çalışırdı. Bəzən şəxsi əlaqələrdən alınan məlumatlar kifayət qədər yetərli olmurdu, həqiqəti əks etdirmirdi, nəticədə şayiələin ayaq açması genişlənirdi. Son illər bu maneələr aradan qaldırıldı, artıq Baş Prokurorluğun media ilə işləyən səlahiyyətliləri ilə nəinki iş saatı, işdən kənar saatlarda da, lap dəqiq desək, cinayət hansı vaxt baş versə, elə o an da əlaqə saxlamaq imkanımız var. Qurulan düzgün kommunikasiya həm media nümayəndələri üçün, həm də prokurorluq orqanları üçün fəaliyyətlərini əlçatan edib. MEDİA-nın media savadlığı və jurnalistlərin ixtisaslaşdırması proqramı prokurorluqla işləyən media nümayəndələrinin hüquqi terminlərdən dəqiq istifadə etmək bacarığı jurnalistlərin məsuliyyətini artırıb.Media qurumlarının hüquq sahəsi ilə işləyən nümayəndələri üçün təşkil edilən treninq də bu məqsədlə təşkil edilmişdi. 2 gün ərzində davam edən treninqdə dəvət edilmiş təlimçilər tərəfindən media savadlığının artırılması ilə yanaşı, hüquqi biliklərimizin zənginləşdirilməsi də xoş oldu.
Şəxsən mən, təlim zamanı öyrəndim ki, dəmqazıdan, donvurmadan dünyasını dəyişənlərin meyiti narıncı, başqa səbəbdən dünyasını dəyişənlərin meyitləri isə qara və göy olur. İntiharı cinayətdən ayırmağın da ən çox təcrübədən keçən əlamətlərini öyrənmək maraqlı oldu. İntihar edən şəxs sidik və nəcis ifraz edir, gözləri hədəqədən çıxır, boğazında iki xətt olur, biri bir qədər nazik. İntihar edən şəxs son anda özünü xilas etməyə çalışır, əli ilə ipi aralamağa çalışır, lakin 14 kq-dan artıq yükə gücü çatmır, ikinci xətt daha dərin, daha doğrusu kəsici olur.
Dərslər Baş Prokurorluğun yeni binasında aparılırdı. Binanı görərkən “Əqrəb mövsümü” filmini xatırladım. Amma gəzdikcə 4 korpusdan ibarət binanın daha böyük məqsədlərə xidmət etdiyinin şahidi oldum.
Yeni binanın açılışı 2021-ci ilin 8 fevralında olub. Səfərimiz Ulu Öndər Heydər Əliyevə həsr edilmiş guşədən başlayır.
Heydər Əliyevin ağ mərmərdən büstünün hər iki tərəfindən onun və layiqli davamçısı cənab Prezident İlham Əliyevin kəlamları əks olunan lövhələr, bayraqlarımız və Ulu Öndərin Prokurorluq orqanlarına səfərlərini əks etdirən stendlər var. Bura ilə tanışlıqdan sonra Akt zalına daxil oluruq.
320 nəfərlik zal ən son texnologiyalarla təchiz edilib. Mikrafonsuz səsgücləndirici var, səslər yazılır.
Zəngin kitabxanalar da göz oxşayır, 2 korpusda kitabxanaları var, hərəsində 5 min kitab var. Erməni dilində kitablar da vardı, hətta seyf də...
Növbəti səfər əsl filmləri xatırladan kriminalistika otağına idi. Yerin altında olanları aşkarlayan xüsusi aparat var, 5 metrə qədər dərinlikdə olanları göstərir.
Zəlzələ vaxtı dağıntı altında qalan əşyaların tapılması üçün əvəzedilməz vasitədir.
Ekranda tapılan əşyaları görmək olur. 500 metr hündürlükdə 8 km ərazini çəkə bilən dronlar da maraqlı idi.
Su dronları kabelin uzunluğundan asılı olaraq foto və video çəkilişlər edə bilir. 100 metr uzunluqda olan kabellə idarə olunur, 1 km-ə qədər dərinliyə gedə bilir.
Cinayət hadisəsi baş verən yerə xüsusi Almaniyada yığılmış maşınlarla gedirlər. Hər dislokasiyada o maşından var. Maşında cinayət işini açmaq üçün avadanlıqlar, çadır, meyit kisələri, generatorlar var. Maşındakı bütün əşyalardan kriminalist otağında da var.
Cinayət işi çamadanında fənərlər var, silinmiş izləri bənövşəyi fənərlər vasitəsilə aşkar etmək olur. Xüsusi eynəklər vasitəsilə silinən izləri görə bilirlər.
Gipslərdən ayaq izlərini götürmək üçün istifadə edilir.
Xüsusi projektorla baxılan metalaxtaran aparatlar da maraqlıdır.
Otaqda müxtəlif cür fotokameralar var. Kriminalistika şöbəsinin prokuroru Ayaz Qayıbovun verdiyi məlumata görə həmin aparatlarla çəkilişlər olur, müstəntiqə təqdim edilir. Müstəntiq vəsadət verməsə dindirilməyə gələn şəxs qandalsız olur. Dindirilmə zamanı videoçəkiliş olmur, olarkən saxlanılan şəxsə xəbərdarlıq edilir.
[/center]
Kriminalistika şöbəsindən sonra yolumuz dindirilmə otaqlarınadır. Dindirilmə otaqları 2 cürdür.
Qapısı adı olanlar şahidlər üçündü. Qapısı dəmir barmaqlıqdan olanlar saxlanılan şəxslər üçündür. Saxlanılan şəxslərin dindirilmə otaqlarında pəncərələr yoxdur.
Üztanıma otağı da yanaşıdır. 2 hissədən ibarətdir. Arada şüşə pəncərə var, səs keçirmir. Şahidlər cinayətkarı tanıma otağında görsə, də, onlar qarşı tərəfi görmür.
Qəbul otağı da hər bir texnologiya ilə təchis edilib. Şahidlər və qəbula gələnlər üçün tibb otağı da var.
Baş Prokurorluq əməkdaşlarının Vətən Müharibəsi zamanı fəaliyyətini əks etdirən Tarixi-Memorial Qalareya da maraqlı məkandır.
Ordakı eksponatların hamısını Baş Prokurorluq əməkdaşları Gəncə hadisələri zamanı əldə edib. Bir əməkdaş şəhid olub, digəri bir gözünü itirib. Prokurorluq əməkdaşlarının Gəncə və Bərdə hadisələrindəki fəaliyyətini əks etdirən, heç yerdə nümayiş edilməyən sənədli film izlədik.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Mətbuat Xidmətinin təşkilatçılığı ilə keçirilən 2 günlük “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda treninqimiz sertifikatların verilməsilə sonlandırıldı.
Amma bu, Azadmedia.az Xəbər Portalı və mənim üçün son deyildi, Baş Prokurorluqla səmərəli və peşəkar səviyyədə əməkdaşlıq üçün bir başlanğıc idi.
Elnurə Abuşova