AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ankarada Nizami Gəncəvinin Türkiyə türkcəsinə tərcümə olunmuş “Sirlər xəzinəsi”nin təqdimatı olub

  • + A
  • - A
  • Dünən, 20:31

    Ankarada Nizami Gəncəvinin Türkiyə türkcəsinə tərcümə olunmuş “Sirlər xəzinəsi”nin təqdimatı olub


    Bugün Azərbaycanın Ankaradakı səfirliyində dahi Azərbaycan şairi, Türk dünyası ədəbiyyatının zirvəsi sayılan Nizami Gəncəvinin daha bir poemasının – “Sirlər xəzinəsi”nin Türkiyə türkcəsinə tərcüməsinin təqdimat mərasimi olub. Kitab Türkiyədə Azərbaycan səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə orjinaldan Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada çap olunub.
    Mərasimdə Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, nizamişünaslar, iki qardaş ölkənin ədəbiyyatşünasları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan səfir R.Məmmədov Nizami irsini “bütün bəşəriyyətin, o cümlədən Türk dünyasının sərvəti” adlandırıb. “Sevindirici haldır ki, Azərbaycanın dahi oğlunun əsərləri Türkiyə türkcəsinə də tərcümə olunur ki, bu da müasir Türkiyənin 85 milyonluq əhalisi arasında dahi Nizami haqqında ən dolğun məlumatın formalaşmasına kömək edir”, - deyə diplomat qeyd edib.

    Diplomatik nümayəndəliyin rəhbəri Nizami Gəncəvi irsinin geniş tanıdılması məqsədi ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin geniş və sistemli iş aparıldığını bildirib.

    Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında dahi Nizaminin kitabının tərcüməsinin təqdimatının önəmli hadisə olduğunu və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən layihənin xüsusi əhəmiyyətini vurğulayıb. O, Mədəniyyət Nazirliyinin dəstəyi ilə xaricdəki Azərbaycan Mədəniyyət Mərkəzlərinin Azərbaycan klassik irsinin tərcüməsi və nəşr layihələrinin vacibliyini vurğulayıb. O bildirib ki, ölkəmizdə dövlət strukturlarının təşəbbüsü ilə vaxtaşırı olaraq Nizamiyə həsr olunmuş görüşlər və tədbirlər keçirilir.

    F.Cəfərov əmin edib ki, bu tədbirlər davam etdiriləcək, o cümlədən Nizami Gəncəvinin əsərlərinin tərcümələrinin beynəlxalq kitab sərgilərində təqdimatı keçiriləcək.

    Ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək məlumat verib ki, məşhur “Xəmsə”nin bütün beş əsəri 2026-cı ilə qədər orijinaldan türk dilinə tərcümə olunacaq. O əlavə edib: “Bu gün türk oxucuları artıq iki əsərlə - “İsgəndərnamə” və “Sirlər xəzinəsi” ilə tanış ola bilərlər. Gələcəkdə Azərbaycanın bir çox başqa şair və yazıçılarının da əsərlərinin Türkiyə türkcəsinə tərcüməsini mərhələli şəkildə həyata keçirməyi planlaşdırırıq”.

    Tərcümənin müəllifi, Atatürk Universitetinin (Ərzurum) Fars dili və ədəbiyyatı kafedrasının müəllimi, professor Nimet Yıldırım bildirib ki, Türkiyədə ümumi oxucu auditoriyası Nizaminin əsərləri ilə tam şəkildə tanış deyil. O, hazırda “Leyli və Məcnun”un orijinaldan tərcüməsi üzərində işlərin davam etdiyini bildirib. “2026-cı ilin ortalarına qədər biz “Xəmsə”nin tam tərcüməsini hazırlamağı və dahi Nizami Gəncəvinin “Divan”ına keçməyi planlaşdırırıq”, - deyə Yıldırım qeyd edib.

    Onun fikrincə, Nizami yaradıcılığı fars dilini zənginləşdirib. “Diqqətəlayiqdir ki, böyük mütəfəkkirin qələmindən əvvəllər farsca işlənməyən yüzlərlə söz və ifadə çıxıb. Bu fakt fars dilinin izahlı lüğətlərində də qeydlə öz əksini tapıb: ilkin mənbə Nizamidir”, - deyən alim vurğulayıb ki, Azərbaycanın dahi oğlunun irsinin təbliğinə töhfə vermək onun üçün böyük şərəfdir.

    Səfir R.Məmmədov layihənin müəllifinə dahi Nizaminin doğulduğu yer – Gəncə şəhərinə həsr olunmuş kitab, Azərbaycan mədəniyyət nazirinin müavini F.Cəfərov isə professora təşəkkür plaketi təqdim edib.

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ədəbiyyat İnstitutunun dosenti Təhminə Bədəlova Nizaminin yaşayıb-yaratdığı tarixi dövr haqqında tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, Azərbaycanın dahi oğlunun əsərləri hələ onun sağlığında geniş şəkildə tanınıb.

    Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı Nizami Gəncəvi əsərlərinin Türkiyə türkcəsinə çevrilməsini və qardaş ölkədə təbliği ilə bağlı işləri yüksək dəyərləndirib. O, qeyd edib ki, dahi Nizami irsi əsrlərboyu dünya şərqşünasları arasında ehtiram və rəğbətlə qarşılanıb.

    Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov mədəniyyət sahəsinə dövlət dəstəyinin vacibliyini qeyd edib. O deyib: “Prezident İlham Əliyevin qərarları bütün Azərbaycan mədəniyyəti üçün güclü stimuldur. Bunun ən son sübutu Bəxtiyar Vahabzadənin 100 illik yubileyi haqqında Sərəncamdır”. Nizaminin əsərlərinin hazırda dünyanın bütün aparıcı kitabxanalarının kolleksiyalarında yer aldığını qeyd edən K.Tahirov bildirib ki, dünya üzrə nizamişünasların və tərcüməçilərin səylərini dəstəkləməyə, onları Nizaminin əsərlərinin bütün mövcud elektron variantları ilə tanış etməyə hazırdır.

    Azərbaycan mədəniyyət nazirinin müavini F.Cəfərov Nizami Gəncəvinin türk dilində kitablarının nümayiş etdirildiyi stendlə tanış olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR