Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 2 mart tarixində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışında xüsusi olaraq vurğulamışdır ki, beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsinə görə məsuliyyət daşıyan BMT sistemində əsaslı islahatların aparılmasına ehtiyac var.
Rəsmi olaraq 24 oktyabr 1945-ci ildən işə başlayan bu universal beynəlxalq qurumun fəaliyyəti artiq müasir çagırışların və təhdidlərin qarşısının alınması, bəşəriyyətin üzləşdiyi problemlərin həlli baxımından qənaətbəxş deyil. Digər tərəfdən, BMT-nin fəaliyyətində ayrıseçkilik meylləri də ən ciddi formada müşahidə edilir. Buna misal olaraq BMT-nin Təhlükəsizlik Şurasına istinad etmək kifayətdir. Beynəlxalq təcrübə əyani şəkildə nümayiş etdirir ki, Şuranın bəzi qətnamələri çox qısa müddətdə icra olunduğu halda, Qarabağla əlaqədar qəbul edilən sənədlər yalnız kağız üzərində qaldı.
Məlum olduğu kimi, müvafiq dörd qətnamədə ölkəmizin suverenliyi və ərazı bütövlüyünün təsdiq edilməsinə, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin yolverilməzliyinin vurğulanmasına baxmayaraq, təşkilatın əsas orqanlarından olan Təhlükəsizlik Şurası heç bir əməli fəaliyyət göstərmədi.
Sual olunur ki, qəbul edilən qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən “dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması”, heç bir dövlət tərəfindən işğal nəticəsində yaranmış vəziyyətin tanınmaması və belə vəziyyətin davam etməsinə səy göstərməməsi və s. mühüm məsələlərin əksini tapan sənədlər nəyə görə icra edilmədi? Təəssüf ki, Ermənistana təzyiq etmək, beynəlxalq hüquqdan irəli gələn sanksiyalar tətbiq etmək, təcavüzkarı sülhə məcbur etmək əvəzinə, BMT və onun qurumları beynəlxalq təhlükəsizlik üçün böyük əhəmiyyət kəsb edən problemə münasibətdə yalnız seyrçi mövqeyi tutmağa üstünlük verdilər. Bu cür şəraitdə 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi. Təkçə qeyd edilən fakt birmənalı olaraq nümayiş etdirir ki, BMT sistemi səmərəli fəaliyyət göstərmir və onun ciddi islahatları aparılmalıdır.
BMT Təhlükəsizlik Şurasında bir daimi yerin Qoşulmama Hərəkatına verilməsi və ona sədrlik edən ölkənin növbəli şəkildə bu yerə sahib olması mühüm addım ola bilərdi. Həmçinin Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerin verilməsi əhəmiyyətli addım kimi qiymətləndirilməlidir. Hər bir halda BMT sisteminin əvvəlki formatda və üsullarla fəaliyyəti müasir tələblərə qətiyyən uyğun gəlmir və ilk növbədə təşkilat özü ciddi islahatların aparılmasına, onun nüfuzunun artırılmasına və universal quruma etimadın bərpa edilməsinə maraqlı olmalıdır.
Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.