16 mart 2023-c il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəhbərliyi, eyni zamanda Göyçay və Ağdaş Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev və tərəqqi” mövzusunda görüş keçirib.
Əvvəlcə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Görüş Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət himnin səsləndirilməsi ilə açıq elan edilib. Sonra Ulu Öndərin ömür yoluna və titanik fəaliyyətinə həsr olunan film nümayiş olundu.
Sonra çıxış edən M.Əfəndiyev ilk növbədə çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixindən söz açaraq ölkəmizdə bütün sahələrin inkişafında Heydər Əliyev mərhələsinin mövcud olduğunu qeyd etdi.
Çıxış zamanı müstəqillik illərində ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayan deputat Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra məhz onun rəhbərliyi ilə həm sosial, həm də iqtisadi sahələrdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirildiyini, insanlarımızın rifah halının artdığını diqqətə çatdırdı. Bu məcrada Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanın davamlı və dayanıqlı inkişafının təmin edildiyi xüsusi qeyd olundu, Fövqəladə Hallar Nazirliyinin müstəqillik dövrünü əhatə edən qısa tarixi diqqətə çatdırıldı.
2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətinə toxunan millət vəkili Ulu Öndərin həyat və fəaliyyətinin daim öyrənilməsi, təbliği, gənc nəsillərə çatdırılmasın əhəmiyyətindən söz açıb.
Digər məruzəçilər də Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan v bəhs etdilər.Görkəmli dövlət xadiminin müasir müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün həyata keçirdiyi uğurlardan geniş söhbət açan natiqlər bildiriblər ki, ümummilli lider Heydər Əliyev müdrik və uzaqgörən siyasəti ilə ölkəmizin hərtərəfli inkişafına nail olub, dövlət müstəqilliyini dönməz və əbədi edib.
Görüşün rəsmi hissəsi başa çatdıqdan sonra xatirə şəkili çəkdirildi, iştirakçılar təşəbbüsünə görə Məzahir Əfəndiyevə öz minnətdarlıqlarını bildirdilər.