Göyçay, Ağdaş və Ucar rayon Maliyyə İdarələri, eyni zamanda Göyçay və Ağdaş Statistika İdarələrinin kollektivi ilə “Heydər Əliyev İli”nə həsr olunmuş geniş tərkibdə birgə görüş keçirilib
16 mart 2023-c il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyevin təşəbbüsü ilə Göyçay, Ağdaş və Ucar rayon Maliyyə İdarələri, eyni zamanda Göyçay və Ağdaş Statistika İdarələrinin kollektivi ilə “Heydər Əliyev İli”nə həsr olunmuş geniş tərkibdə birgə görüş keçirilib.
Görüşdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Görüş Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Sonra çıxış edən M.Əfəndiyev ilk növbədə Azərbaycanda maliyyə və statistika orqanlarının tarixindən, Azərbaycan Xalq Cümhuriyyəti və Sovetlər dönəmindəki inkişaf mərhələlərindən söz açaraq Azərbaycanda maliyyə və statistikasiyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsində hərtərəfli inkişaf etdirilməsinin məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmasının danılmaz bir fakt olduğunu qeyd etdi. “Ümummilli liderimiz müstəqil dövlətimizin maliyyə və statistika sistemininmahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir. 1993-cü ildən başlayaraq bütün sahələrdə olduğu kimi, bilavasitə iqtisadiyyatla bağlılığı olan bu sahələr keyfiyyətcə yeni mərhələdə inkişaf etməyə başladılar”.
Daha sonra müstəqillik illərində maliyyə və statistika sahələrində əldə olunan nailiyyətlərə nəzər yetirən millət vəkili maliyyə siyasətinin həyata keçirilməsinin və dövlət maliyyəsinin idarə olunması mexanizminin, habelə statistika orqanlarının fəaliyyətinin qurulmasının beynəlxalq təşkilatlarda qəbul olunan qərarlara əsasən həyata keçirildiyini xüsusi vurğuladı, bu məcrada qəbul olunan qanunlar diqqətə çatdırdı.
Eyni zamanda deputat bu gün həyata keçirilən işlərin Prezident İlham Əliyevin rəhbərliyi altında layiqincə, uğurla davam etdirildiyini qeyd edərək Azərbaycan Respublikası Prezidentinin milli iqtisadiyyatın inkişafı ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlardan bəhs etdi.
Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən, Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, o cümlədən maliyyə və statistika sahələrinin şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açdılar.
Çıxışlardan sonra görüş müxtəlif mövzuları əhatə edən müzakirələrlə davam etdi, rəsmi hissəsi başa çatdıqdan sonra xatirə şəkli çəkdirildi. Sonda tədbir iştirakçıları görüşün baş tutması ilə bağlı təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildirdilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.