Bakı, 22 mart — Azadmedia.az
Lənkəranda şəhid ailələrinin üzvlərinin və Vətən müharibəsi əlillərinin iştirakı ilə
Novruz şənliyi keçirilib.
Martın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid ailələrinin üzvlərinin və Vətən müharibəsi əlillərinin iştirakı ilə Novruz şənliyi keçirilib. Dövlət Himninin səslənməsi və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edib. Bildirilib ki, qədim kökləri olan Novruz bayramı milli-mənəvi dəyərlərimizi özündə yaşadan bayramlarımızdan biridir. İcra başçısı saflıq və təmizlik rəmzi olan Novruz bayramını xalqımızın hər il olduğu kimi bu il də daha təntənə ilə, alnıaçıq və üzüağ qeyd etdiyini vurğulayıb. Onun sözlərinə görə, illərlə həsrətində olduğumuz torpaqlarımızda artıq Novruz tonqalı qalanır, təbiət əsl sahiblərinin gözləri önündə canlanır, milli adən-ənənələrimiz işğaldan azad edilən ərazilərimizdə yenidən yaşadılır, vaxtılə zorla doğma yurd-yuvalarını tərk edən insanlar öz evlərində və isti ocaqlarının başında Novruz ənənəsinə uyğun bayram süfrələri açırlar. “Bütün bunlar isə məhz şəhidlərimizin canı, qazilərimizin qanı, ordumuzun şücaəti və Ali Baş Komandanımızın dönməz iradəsi, “Dəmir Yumruğ”unun nəticəsində mümkün olub” deyən Taleh Qaraşov xalqımızın hər zaman buna görə şəhidlərimizin ruhlarına və şəhid valideynlərinə minnətdarlıq hissi duyacağını qeyd edib.
Qeyd edək ki, Novruz bayramı münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyəti şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə maddi dəstək də göstərib.
Lənkəran rayonunda son dövrlərdə görülən işlər barədə danışan icra başçısı rayonda sitrusçuluq, turizm, habelə emal və istehsal sahələrinin inkişafına ciddi önəm verildiyini vurğulayıb. Taleh Qaraşov bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkədə dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması sosial layihələrin icrasına, əhalinin yaşayış səviyyəsinin yüksələn xəttlə artmasına imkanlar yaradıb. Cari ildə rayonun sosial-iqtisadi inkişafı, inşaat və digər sahələr üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələr və onların icrasına dair məlumatları lənkəranlılarla bölüşən icra başçısı bütün fəaliyyət istiqamətləri üzrə ən son texnologiyaların tətbiq olunduğunu qeyd edib.
Lənkəranlılara bayram təbriklərini çatdıran Taleh Qaraşov bildirib ki, füsünkar gözəlliyi, bol ruzi və bərəkəti ilə torpaqlarımıza gələn bahar fəsli insanların ürəklərində yeni arzular, yeni duyğular oyadır, hər birimizə doğma Vətənimizin tərəqqisi naminə quruculuq-abadlıq işlərinin daha sürətlə aparılması gücünü verir.
Sonra şəhid Vüsal Kazımovun atası, Lənkəran Dövlət Universitetinin prorektoru Kamran Kazımov və Milli Qəhrəman Ələsgər Əliyevin atası Ələkbər Əliyev çıxış ediblər. Bildirilib ki, haqq və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib və əziz tutulub.Buna görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunub.
Daha sonra tədbirin bədii hissəsi başlayıb. Rayonun mədəniyyət, folklor klublarının və incəsənət işçilərinin iştirakı ilə musiqi, rəqs nömrələri təqdim olunub.
Tədbirdən sonra Taleh Qaraşov şəhid ailələrinin üzvləri və Vətən müharibəsi əlilləri ilə səmimi söhbət edib, xatirə şəkilləri çəkdirib.
Əziz lənkəranlılar!
Hər birinizi gözəl bayram münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər bir ailəyə xoşbəxtlik və səadət arzulayırıq. Evləriniz nurlu, süfrələriniz daim bərəkətli, ruziniz bol, canınız sağlam olsun. Bu bayram gəlişi ilə evinizə, ocağınıza firavanlıq gətirsin.
Novruz bayramınız mübarək olsun!
Ülkər Piriyeva