AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Genetik "erməni - fars xəstəliyi"

  • + A
  • - A
  • 27-03-2023, 10:02

    Genetik "erməni - fars xəstəliyi"

    (İranın Azərbaycandakı səfirinin poçtuna )
    İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Novruz bayramı təbrikində dahi Azərbaycan şairi Nizami Gəncəvini "İran şairi" kimi təqdim etməsi, ondan əvvəl XİN-in sözçüsü Nasir Kənaninin belə sərsəm və qalmaqallı fikiri səsləndirməsi fars-erməni qardaşlığının daha bir bariz nümunəsi deyilmi?!

    Təqribən iki il əvvəl sosial şəbəkədə Azərbaycanın sabiq xarici işlər naziri, professor Vilayət Quliyev belə fikir paylaşmışdı ki, Nizami Gəncəvini Azərbaycan ədəbiyyatı tarixindən qoparmaq, İran mədəniyyətinin yetirməsi və fars şairi kimi qələmə vermək baxımından İrəvan Tehrandan daha çox canfəşanlıq edir. Vilayət müəllim bu fikrinə əlavə olaraq onu da qeyd edirdi ki, Nizaminin Azərbaycan şairi və Gəncədə yaşamış bir türk olduğunu ilk dəfə ədəbiyyat tarixçimiz Firudin bəy Köçərli 1903-cü ildə Tiflisdə nəşr olunan "Литература адербиджанских татар" əsərində bəyan edib.
    Artıq belə məlum olur ki, Gəncəli Nizaminin MİLLİ KİMLİYİNƏ qara yaxan erməni daşnakları və fars şovinistlərinin səngimək bilməyən belə təxribatları qan qohumlarının icdivacından törəyən genetik və sağalmaz xəstəlik kimidir. Hələ ötən əsrin 40 -cı illərində ermənilər dünya poeziyasının GÜNƏŞİ Nizami Gəncəvinin Azərbaycan - türk şairi olmaması cəfəngiyyatını aləmə car çəkdirlər. Fəqət onlar dahi şairin Bakıda heykəlinin qurulmasına heç cür mane ola bilmədilər.
    Müasir dövrdə İranın XİN-in sözçüsü Nasir Kənani və onun ardınca bu ölkə nazirinin hələ də Nizami Gəncəvini fars şairi kimi qələmə verməsi çox təəccüblü görünməsə də sual olunur: İki-üç əsr əvvəl Rusiyanın tanınmış şairləri fransız dilində yazıb-yaratmırdılarmı? Məgər buna görə hər hansı fransız yarixçi və ya siyasətçi onları fransız şairi adlandırır? Təbii ki, yox!
    Orta əsrlərdə təkcə Azərbaycanda deyil, Hindistanda, Orta Asiyada, Osmanlı Türkiyəsində belə farsca yazan şairlər çox idi, amma heç kim onları fars şairi adlandırmır. Nədənsə qardaşlaşmış İrəvan və Tehran Azərbaycanda farsca yazan şairlər içərisində ən çox Nizami Gəncəvinin adını çəkir. Halbuki Nizamini türkcə düşünüb, farsca yazan şair olaraq qəbul edən şərqşünaslar da az deyil. Hələ keçən əsrin 20-ci illərində İrana səfər etmiş şotland əsilli qafqazşünas, akademik Nikolay Marr qeyd edirdi ki, İran alimləri farsca yazdığına görə Nizamini fars şairi hesab etsələr də, “Əz asare-Nizami buye-türk miyayəd” (“Nizaminin əsərlərindən türk iyi gəlir”) deyərək, şairin yaradıcılığını ruhən (candan-könüldən) qəbul edə bilmirlər...” Əfsuslar olsun ki, Nizami Gəncəvi TÜRK RUHUNU əsərlərində sevgiylə ifadə edib, türkə və türkçülüyə önəm versə də fars şovinizmi və erməni-daşnak törəmələri tərəfindən daim onun farslaşdırılmasına cəhd edilmişdir...
    Hətta 39 il əvvəl İranın keçmiş prezidenti Haşimi Rəfsəncani Bakıya rəsmi səfərə gələndə Nizaminin heykəlini ziyarət edərkən onu "fars ədəbiyyatının görkəmli siması" adlandırmışdı. Şübhəsiz ki,"fars şairinə" Bakının mərkəzində heykəl qoyulmasını təqdir edən Rəfsəncaninin böyük etiraza səbəb olan həmin açıqlamasına Azərbaycanın nizamişünas alimləri tutarlı cavablar verdilər...
    Farca yazsa belə Nizami öz kimliyini belə nəzmə çəkib:

    Mənim atalarım və dədələrim Türkdü,
    Hər biri gücdə sanki bir qurddu.

    XI əsrdən etibarən islam dünyasının inkişafı, eləcə də islam dininin intişarı türklərin adına bağlanır, yəni islam tarixində türk mərhələsi başlanır. “Leyli və Məcnun” əsərini çıxmaq şərtiylə, digər 4 poemasını Türk hökümdarlarına ithaf etməsi bir daha göstərir ki, Nizami Gəncəvi məhz türklərin mövcud olduğu coğrafiyada – Gəncədə yaşamışıdır.
    “Türkə bənzər yasəmən çöldə qurub ağ çadır...” ifadəsi Nizaminin təbirincə, türkün qədim dövrlərdən əbədi bahar, təzəlik, paklıq rəmzi olduğuna işarədir. Türkiyəli şair, ədəbiyyatşünas alim Şahamettin Kuzucular mənbələrdə şairin əsl adının Cəmaləddin əbu Məhəmməd İlyas bin Yusuf göstərildiyinə istinad edərək, onun türk əsilli olduğunu bildirir.
    Eləcə də qərb tədqiqatçılarından Hammer, Baxer, Rutter, Erdman, Atkinson, Duda, Vilson, Blend kimi şərqşünaslar da Nizami Gəncəvini türk adlandırıblar.
    AMEA-nın onlarla nizamişünas alimi Nizami Gəncəvinin kimliyi və aid olduğu xalq barəsində konkret faktlarla dünya görkəmli şərqşünaslarının Nizami Gəncəvinin türk olması ilə bağlı yazdıqları fikirlərdən sitatlar gətirir. Alman yazıçısı İohan Şerr yazırdı ki, Nizami ata tərəfdən türk idi. Amerika tarixçisi Lev Slyozkin 1934-cü ildə SSRİ Yazıçılar Birliyinin I Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini “Gəncədən olan türk” adlandırmışdı.
    3 aprel 1939-cu ildə Ukrayna şairi Nikolay Bajan “Pravda” qəzetində dərc olunmuş məqaləsində Stalinlə görüşündən bəhs edir: “Yoldaş Stalin mənə azərbaycanlı şair Nizami ilə bağlı danışdı, onun əsərlərindən sitat gətirdi, o, bu sözlərlə onu əsaslandırmağa çalışırdı ki, Nizamini İran ədəbiyyatına vermək lazım deyil. Ona görə yox ki, farsca şeirlər yazıb, ona görə ki, o öz poemalarında farsca şeir yazmağa məcbur olduğunu və öz xalqıyla doğma dilində əlaqəyə icazə verilmədiyini göstərir.”
    Görkəmli şərqşünas alim Yevgeni Bertels tərəfindən hazırlanan Böyük Sovet Ensiklopediyası 1939-cu ildə Nizamini Azərbaycan şairi kimi təqdim etdi və 1940-cı ildən sonra artıq Nizaminin azərbaycanlı olması bütün sovet alimləri tərəfindən qəbul olundu.
    Türkü sevməyən ermənilər isə Bakıda Nizaminin 800 illiyi ərəfəsində dahi şairin heykəlinin qurulmasına əngəl törətməyə səy göstəriblər. 1941-ci il fevralında Nizaminin abidəsinin hazırlanması ilə bağlı layihə sənədlərinin Moskvada müzakirəsi zamanı onlar öz cılız və paxıl erməni xislətindən doğan narazılıqları ilə mümkün qədər bu ideyanın məntiqsiz olduğunu sübut etməyə çalışırdılar. Azərbaycan memarlığının inkişafında əvəzsiz xidmətləri olan görkəmli dövlət və incəsənət xadimi Sadıq Dadaşov məruzə ilə çıxış edərək məharətli arqumentləri erməniləri çıxılmaz vəziyyətə saldı... Beləliklə, ermənilər fitnə-fəsadla Nizaminin farslaşdırılmasını fikrini yeritmək istəsələr də, ümidləri boşa çıxdı və Bakıda Nizaminin heykəli qoyuldu.
    Lakin Nizaminin güya "Stalinin əmri ilə Azərbaycana verilməsindən" bəhs edən başabəla erməni tarixçiləri və fars millətçiləri tərəfindən onun “fars şairi” kimi təbliği bu günəcən səngimək bilmir. 1947-ci il 22 sentyabrda SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonovun “Pravda” qəzetində belə bir məqaləsi dərc olunmuşdu: “Aydındır ki, Nizami farsca yazıb. Azərbaycan xalqının düşmənləri olan burjua tarixçiləri, İran milliyətçiləri tərəfindən Nizaminin fars şairi kimi qələmə verilməsi və Azərbaycanla əlaqəsinin olmaması faktı ilk dəfə deyil, ancaq bu həyasız yalan heç kimi aldada bilmədi.”
    Əsərlərini ərəbcə yazdıqları halda, türklük haqqındakı duyğuları ilə, türk mədəniyyəti və vətənpərvərliyi tarixində müstəsna yer tutan Mahmud Kaşğari, Fəxrəddin Mübarəkşah, Mahmud Zəməxşəri nə qədər türkdürlərsə, dünya ədəbiyatına qiymətli əsərləri ilə rəng qatan Nizami də bir o qədər türkdür.
    Türkün böyük qılınc və söz sərkərdəsi Şah İsmayıl Xətai də Nizamini çox sevirdi. Onun fərmanıyla “Xəmsə”nin üzü dəfələrlə köçürülmüşdü. Hələ XV əsrdə Dövlətşah Səmərqəndi “Təzkirətül-şüəra” kitabında Nizaminin türkcə divanı barədə məlumat verib. Əsərlərində dönə-dönə anadilli söz və ifadələri işlədən Nizaminin əsərlərindəki türklük düşüncəsinə hər zaman önəm verilmiş, onun öz ana dilində yazdığı əsərlər axtarılmış və axtarılmaqdadır. Böyük şairin türk dilində yazdığı “Divani-Nizami” (Gəncəli) nüsxəsi Misirin "Xədiviyyə" kitabxanasından tapılıb. Türkcə divanındakı şeirlərdən görünür ki, dahi şairin dövründə işlənilən dil norması “Kitabi Dədə Qorqud”dan sonra yaranmış dilin məhsuludur. Tehranda Azərbaycan və fars dillərində nəşr olunan aylıq "Xudafərin" elmi-ədəbi dərgisinin təsisçisi və baş redaktoru Hüseyn Şərqi Dərəcək Soytürkün təşəbbüsü ilə Nizaminin həmin əsəri 2006-cı ildə Bakıda "Nurlar" nəşriyyatında işıq üzü görmüşdür. Bu şeirlər İranda da nəşr edilmişdir.
    Sonda onu da qeyd edim ki, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi dünya ədəbiyyatı tarixinə “Beşliy”in, “(Xəmsə”nin) yaradıcısı kimi düşən böyük mütəffəkirin milli kimlik göstəricisinin Azərbaycana aid olduğunu bir daha təsdiqlədi.
    Əlbəttə, türk xalqına qarşı mayasında həsəd, kin, paxıllıq olan genetik və periodik "erməni - fars xəstəliyi"nin yeganə əlacı Azərbaycanın qüdrətli dövlət və gec-tez Turan birliyinin idealdan gerçəkliyə çevrilməsi olacaq!
    Azərbaycan Turan dünyasnın QAPISI, Azərbaycan Turanın parlaq GÜNƏŞİDİR!

    Nurəddin ƏDİLOĞLU,
    Yazıçı-jurnalıst


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR